Şimali Koreya ABŞ və Cənubi Koreyanın regionda hərbi fəallığını artırmasına cavab olaraq nüvə potensialını sürətlə gücləndirmək siyasətini davam etdirəcək.
Bu barədə Koreya Mərkəzi Xəbər Agentliyi (KCNA) Koreya Əmək Partiyası Mərkəzi Komitəsinin şöbə müdirinin birinci müavini Kim Çon Sikin bəyanatına istinadən məlumat yayıb.
“Şimali Koreyanın mövcud və gələcək təhdidlərə qarşı nüvə çəkindirmə qüvvələrini sürətlə gücləndirməyə yönəlmiş müdafiə siyasəti zərrə qədər də dəyişməyəcək”, – rəsmi bildirib.
Kim Çon Sik sentyabrın 29-dan oktyabrın 2-dək ABŞ və Cənubi Koreyanın keçirdiyi “Iron Mace” birgə hərbi təlimlərini sərt tənqid edib.
Onun sözlərinə görə, təlimlər zamanı ABŞ-nin nüvə qüvvələri ilə Cənubi Koreyanın adi silahlı qüvvələrinin birgə fəaliyyəti sınaqdan keçirilib. Pxenyan bunu Şimali Koreyaya qarşı nüvə silahından istifadəyə hazırlıq kimi qiymətləndirir.
Partiya rəsmisi oktyabr ayında Cənubi Koreyada keçirilən “Hoguk” və “Freedom Flag”, eləcə də Yaponiyada təşkil olunan “Keen Sword” hərbi təlimlərinə də diqqət çəkib.
O bildirib ki, Vaşinqton və müttəfiqləri regiona əlavə hərbi qüvvələr, kəşfiyyat bölmələri və aviasiya vasitələri cəlb etməklə gərginliyi artırırlar.
“Biz öz gücümüzə tam əminik və istənilən hərəkətə cavab vermək iqtidarındayıq”, – Kim Çon Sik vurğulayıb.
Şimali Koreya rəsmisi əlavə edib ki, Pxenyan dövlət suverenliyinin qorunması və regionda təhlükəsizliyin təmin edilməsi məqsədilə nüvə qüvvələrini gücləndirməyə davam edəcək.