Bakının Nizami rayonunda yerləşən "Qızıl Qaya" restoranında kütləvi qida zəhərlənməsi baş verdiyi iddia olunur.
APA-ya istinadən, hadisə rayonun Mikayıl Əliyev küçəsi, 131 ünvanında yerləşən restoranda qeydə alınıb.
Məlumata görə, restoranda təxminən 34 əlilliyi olan şəxsin iştirakı ilə toplantı keçirilib. İştirakçılardan 14-ü qidadan zəhərləndiyini bildirib.
Onlardan beşinin vəziyyəti ağır olduğundan xəstəxanaya aparıldığı qeyd olunur.
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) bildirilib ki, "Qızıl qaya" restoranında zəhərlənmə hadisəsi ilə bağlı araşdırmalar aparılır.
"Nizami rayonunda yerləşən "Qızıl Qaya" restoranında zəhərlənmə şübhəsi ilə bağlı AQTA tərəfindən araşdırmalar aparılır.
İlkin araşdırmalara əsasən, agentliyin əməkdaşları tərəfindən restoranda keçirilən yoxlama zamanı müəssisənin ümumi sanitar-gigiyenik vəziyyətinin qənaətbəxş olmadığı, qida məhsullarının emalı və saxlanılması zamanı nöqsanlara və çarpaz çirklənmə risklərinə yol verildiyi müəyyən edilib. Nümunələr götürülərək laborator müayinələrə cəlb olunub.
Araşdırmalar davam etdirilir", - məlumatda bildirilib.