Şərqi Zəngəzurda əhalinin gəlirləri 14 faizə yaxın artıb – Rayonlar üzrə göstəricilər açıqlandı

Şərqi Zəngəzur iqtisadi rayonunda əhalinin gəlirlərində 2025-ci ildə artım qeydə alınıb. Artım regionun müxtəlif rayonları üzrə fərqli olub.

Banker.az saytının verdiyi məlumata görə, 2025-ci ildə Şərqi Zəngəzur iqtisadi rayonunda əhalinin ümumi gəlirləri 312,2 milyon manat təşkil edib. Bu, 2024-cü ildə qeydə alınmış 274,9 milyon manatla müqayisədə 37,3 milyon manat və ya 13,6 faiz çoxdur.

İqtisadi rayon üzrə ən böyük gəlir həcmi Qubadlı rayonunun payına düşüb – 227,2 milyon manat. Müqayisə üçün, 2024-cü ildə bu göstərici 206 milyon manat olmuşdu. Beləliklə, Qubadlı üzrə gəlirlər nominal ifadədə 10,3 faiz artıb.

Cəbrayıl rayonunda əhalinin gəlirləri 25 milyon manatdan 33,7 milyon manata, Laçında 16,9 milyon manatdan 20,7 milyon manata yüksəlib. Kəlbəcər rayonunda isə göstərici 6,5 milyon manatdan 10,4 milyon manata çatıb.

Zəngilan rayonunda əhalinin gəlirləri 2024-cü ildəki 20,4 milyon manatdan 2025-ci ildə 20,2 milyon manata enib.

Müqayisə üçün, Qarabağ iqtisadi rayonunda əhalinin ümumi gəlirləri 2025-ci ildə 2 milyard 197,9 milyon manat təşkil edib. Bu, əvvəlki illə müqayisədə təxminən 6,9 faiz artım deməkdir.

Rəqəmlər Şərqi Zəngəzur iqtisadi rayonunda əhalinin nominal gəlirlərinin artdığını göstərsə də, ayrı-ayrı rayonların göstəriciləri arasında böyük fərqlər qalır.