1960-cı ildə aparılmış elmi araşdırmada dünyanın sonunun 2026-cı il noyabrın 13-də gələcəyi proqnozlaşdırılıb.
Musavat.com-a istinadla, alimlərin 66 il əvvəl apardıqları hesablamalara əsasən, həmin tarixdə Yer kürəsində əhali sayının hədsiz artması sivilizasiyanın çöküşünə səbəb olmalı idi.
Proqnozun müəllifləri Avstriya əsilli amerikalı professor, kibernetika mütəxəssisi Haynts fon Förster və onun iki tələbəsi – Patrisiya Mora və Lourens Amiot olub.
Alimlər belə nəticəyə gəliblər ki, dünya əhalisinin artımı sadəcə həndəsi silsilə üzrə deyil, getdikcə sürətlənən templə davam edə bilər.
XX əsrin ortalarında dünya əhalisinin sürətlə çoxalması alimlər arasında ciddi narahatlıq doğururdu. Mütəxəssislər bunun təbii ehtiyatların tükənməsinə, ərzaq çatışmazlığına və geosiyasi gərginliyin artmasına səbəb olacağından ehtiyat edirdilər.
Förster və həmkarları isə əhali artımının ərzaq təminatı imkanları ilə məhdudlaşması nəzəriyyəsini şübhə altına alıblar. Onların fikrincə, əhali sıxlığının artması insanlar arasında əməkdaşlıq imkanlarını genişləndirə və demoqrafik artımı daha da sürətləndirə bilərdi.
Tədqiqatçılar son 2000 ili əhatə edən dünya əhalisinə dair 24 tarixi qiymətləndirməni təhlil ediblər. Hesablamalar nəticəsində əhali artımının əvvəlki proqnozları davamlı şəkildə üstələdiyi müəyyən olunub.
Bu məlumatlar əsasında gələcək üçün qurulan riyazi model 2026-cı il noyabrın 13-də dünya əhalisinin nəzəri olaraq sonsuzluğa yaxınlaşacağını göstərib. Belə bir vəziyyətin isə qlobal çöküşlə nəticələnəcəyi proqnozlaşdırılıb.
Sözügedən nəzəriyyəyə 1990-cı illərin əvvəllərinə qədər elmi ədəbiyyatda tez-tez istinad olunub.
Lakin 1993-cü ildən etibarən dünya əhalisinin faktiki artımı həmin modelin proqnozlarından geri qalmağa başlayıb.
Hazırda dünyada doğum səviyyəsi 1960-cı illə müqayisədə iki dəfədən də çox azalıb. Buna görə müasir tədqiqatçılar 2026-cı ildə dünyanın sonunun gələcəyi barədə 66 il əvvəl irəli sürülmüş proqnozu elmi baxımdan əsassız hesab edirlər.