"Türk dünyasının birliyindən narahat olanlar var...” – Akif Nağı Ankara sammitinin mühüm mesajlarından bəhs etdi...

“TDT-nin Ankara sammiti Türk dünyasının birliyinin daha da möhkəmləndiyini göstərdi...”

"Tarixin ən ağır sınaqlarından çiyin-çiyinə çıxmış Azərbaycan və Türkiyə xalqları ən mürəkkəb şəraitdə belə qardaşlıq münasibətlərini qorumalı, birliyini daha da möhkəmləndirməlidir..."

Azərbaycan Vətənpərvərlər Partiyasının (AzVP) sədri Akif Nağı Moderator.az-a açıqlamasında Türk Dövlətləri Təşkilatının (TDT) Ankarada keçirilən 13-cü sammitinin nəticələrini şərh edərkən bildirib ki, təşkilatın hər bir toplantısı əvvəlkilərdən daha irəliyə doğru atılan addım kimi qiymətləndirilə bilər. Onun sözlərinə görə, bu toplantılar üzv dövlətlərin bir-birini daha yaxından tanımasına, mövqelərini və qarşılıqlı münasibətlərini dəqiqləşdirməsinə imkan yaradır.

Akif Nağı qeyd edib ki, sammitdə Azərbaycan Prezidenti iştirak etməsə də, onun göndərdiyi, xarici işlər naziri Ceyhun Bayramovun rəhbərlik etdiyi nümayəndə heyəti ölkəmizi təmsil edib. Digər dövlətlər tərəfindən də eyni münasibət və işgüzar yanaşma nümayiş etdirilib:

“Bütün dedi-qodulara baxmayaraq, Azərbaycan nümayəndə heyətinin Türkiyə Prezidenti ilə çox səmimi görüşləri oldu. Digər görüşlər, o cümlədən Ceyhun Bayramovun iştirakı ilə keçirilən təmaslar da baş tutdu. Ən əsası, Ərdoğanla xüsusi və səmimi söhbət aparıldı”.

Partiya sədri Ərdoğan, İbrahim Kalın və Ceyhun Bayramovun bir arada görünməsinə də diqqət çəkib. Bildirib ki, onların arasında münasibətlərin yüksək səviyyədə olduğu, mühüm məsələlərin müzakirə edildiyi hiss olunurdu. Onun fikrincə, söhbət həm Türkiyənin, həm də Azərbaycanın təhlükəsizliyi ilə bağlı vacib məsələlərdən gedə bilərdi.

A.Nağı regiondakı vəziyyətin də müzakirələrin əsas mövzularından biri olduğunu vurğulayıb. Qeyd edib ki, bölgədə vəziyyət ürəkaçan deyil, çoxsaylı çətinliklər və münaqişə ocaqları mövcuddur, müxtəlif istiqamətlərdə müharibə təhlükəsi qalmaqdadır:

“ABŞ-İran arasında müharibənin hər an başlaya biləcəyi ehtimalı müzakirə olunur. Eyni zamanda, İsrail Qəzza bölgəsində atəşkəsə baxmayaraq, öz niyyətlərindən geri çəkilmir. Hətta ölkədə parlament seçkilərinin keçirildiyi günlərdə də qarşıdurma və gərginlik davam edirdi”.

O, Qəzza məsələsinin son günlər beynəlxalq gündəmdə olduğu kimi, region ölkələrinin müzakirələrində də öz yerini tutduğunu bildirib.

İsraildəki daxili siyasi vəziyyətə də toxunan A.Nağı siyasi partiyalar arasında koalisiya danışıqlarının və mümkün hökumətin formalaşdırılması prosesinin asan olmayacağını nəzərə çatdırıb. Onun sözlərinə görə, Netanyahu üçün vəziyyət olduqca çətindir.

Partiya sədri İsraildə siyasi böhrandan çıxış yollarından birinin ərəb partiyaları ilə münasibətlərin qurulması ola biləcəyini vurğulayıb:

“Təəssüf ki, burada yenə də İsraildəki digər siyasi partiyaların ərəb partiyalarına təkəbbürlü münasibəti özünü göstərir. Amma onlar nə qədər tez ərəb partiyaları ilə ortaq məxrəcə gəlsələr, həm İsrailin özü, həm də region üçün müsbət addım atmış olarlar”.

A.Nağı Ukrayna-Rusiya müharibəsində də qan tökülməsinin və dağıntıların davam etdiyini bildirib. Onun sözlərinə görə, tərəflər qarşılıqlı zərbələr endirir, çoxsaylı insan tələfatı və böyük dağıntılar baş verir. Hələlik tərəflərin öz mövqelərindən geri çəkilmək istəmədikləri görünür. Üçtərəfli görüşün keçirilməsi ehtimalı olsa da, həmin görüşə qədər vəziyyətin necə dəyişəcəyini söyləmək çətindir.

TDT-nin Ankara sammitində sadalanan siyasi məsələlərlə yanaşı iqtisadi məsələlərin də müzakirə olunduğunu bildirən partiya sədri müəyyən fikir və təkliflərin səsləndirildiyini, yekun sənəddə bir sıra mühüm məqamların əksini tapdığını qeyd edib. Onun fikrincə, əsas məsələlərdən biri iqtisadi əlaqələrin genişləndirilməsi və Türk dünyasının digər ölkələrə nümunə ola biləcək əməkdaşlıq modeli formalaşdırmasıdır. Türk dövlətlərinin birliyinin qarşısında duran ortaq vəzifələr, maraqlar və problemlər də müzakirə olunub.

Akif Nağı Azərbaycan və Türkiyə nümayəndə heyətləri arasında müxtəlif məsələlərlə bağlı fikir mübadiləsi aparıldığını, eyni zamanda, Türk dövlətlərinin rəhbərləri arasında da müzakirələrin keçirildiyini vurğulayıb. Bildirib ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan çıxışında Azərbaycan məsələsinə xüsusi toxunub, ölkəmizin müstəqilliyini və ərazi bütövlüyünü vurğulayıb, Azərbaycanın suverenliyinin müdafiəsinin vacibliyini qeyd edib. O, Zəngəzur dəhlizi və Ermənistanla sülh prosesi ilə bağlı məsələlərə də diqqət yetirib. A.Nağının fikrincə, bütün bunlar Türk dünyasında inteqrasiya proseslərinin inkişaf etdiyini göstərir.

Partiya sədri Zəngəzur dəhlizinin açılması məsələsinin də müzakirələrdə diqqət mərkəzində olduğunu bildirib. Onun sözlərinə görə, bu dəhlizin açılmasında bütün tərəflər maraqlıdır. Ermənistan tərəfindən müəyyən müsbət mesajlar verilsə də, hələ də bir sıra mürəkkəb məsələlər qalmaqdadır.

A.Nağı Azərbaycan nümayəndəsi, xarici işlər naziri Ceyhun Bayramovun çıxışını da məzmunlu və əhatəli qiymətləndirib. Bildirib ki, ölkəmizin mövqeyi təmkinli şəkildə ifadə olunub, Azərbaycanın milli maraqları və suverenliyi ilə bağlı məsələlər diqqətə çatdırılıb. Onun sözlərinə görə, Azərbaycan nümayəndə heyətinə digər iştirakçılar tərəfindən xüsusi diqqət göstərildiyi də hiss olunurdu.

Partiya sədri bütün bunları Türk dünyasının birliyinin daha da sıxlaşdırılması və dərinləşdirilməsi istiqamətində atılan addımlar kimi qiymətləndirib. Qeyd edib ki, üzv dövlətlər bir-birinə daha da yaxınlaşır, mövcud fikir ayrılıqlarını ortaq məxrəcə gətirməyə çalışırlar.

A.Nağı Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin sammitdə səsləndirdiyi fikirlərə də diqqət çəkib. Bildirib ki, Tokayev müzakirələr zamanı Türk Dövlətləri Təşkilatının hərbiləşdirilmiş quruma və ya hərbi bloka çevrilməyəcəyini bəyan edib:

“Bu, mühüm məqamdır. Türk dünyasının bir araya gəlməsinə bir sıra dünya ölkələri ehtiyatla yanaşırlar və hesab edirlər ki, türk dövlətlərinin orduları birləşdiriləcəyi halda artıq onlara heç bir təzyiq etmək mümkün olmayacaq. Buna görə də belə bir durumda Türk dövlətlərinin əməkdaşlığını hərbi blok kimi təqdim etməyə ehtiyac yoxdur. Bu istiqamətdə görülən işləri daha təmkinli şəkildə həyata keçirmək lazımdır”.

Partiya sədri hərbi sahədə əməkdaşlığın artıq mövcud olduğunu da nəzərə çatdırıb. Bildirib ki, Qazaxıstandan hərbi qulluqçular Azərbaycana gələrək kurslarda iştirak edir, azərbaycanlı hərbçilər də digər Türk dövlətlərində təhsil və təlimlər keçirlər. Özbəkistanla da bu istiqamətdə əməkdaşlıq aparılır. Onun sözlərinə görə, hərbi kadrların hazırlanması, təcrübə mübadiləsi, birgə təlimlər və digər tədbirlər mühüm əhəmiyyət daşıyır. Lakin bunları hərbi blok yaradılması kimi təqdim etmək doğru olmaz.

A.Nağı bütövlükdə sammiti uğurlu görüş kimi qiymətləndirdiyini bildirib. Azərbaycan Prezidentinin tədbirdə iştirak etməməsi ətrafında həddindən artıq ajiotaj yaratmağa ehtiyac olmadığını vurğulayıb:

“Azərbaycan və Türkiyə liderləri öz aralarındakı münasibətləri tənzimləyirlər. Bizim üçün vacib olan isə cəmiyyət olaraq, ictimai təşkilat və media nümayəndələri kimi Azərbaycan xalqı ilə Türkiyə xalqı arasında yersiz ixtilafların yaranmasına, yanlış təsəvvürlərin formalaşmasına imkan verməməkdir. Tarixin ən ağır sınaqlarından çiyin-çiyinə çıxmış bu iki xalq ən mürəkkəb şəraitdə belə qardaşlıq münasibətlərini qorumalı, birliyini daha da möhkəmləndirməlidir. Eyni zamanda, ölkələrimizdəm birinə qarşı hər hansı hadisə və təxribat baş verərsə, onların qarşısının alınması üçün birlikdə çalışmalıyıq...”