Dünya xəritəsinə nəzər saldıqda bəzən bir-birindən min kilometrlərlə uzaqda yerləşən ərzailərin eyni ad daşıdığını görürük. İstər-istəməz maraqlı gəlir: bu adların bir-biri ilə nə əlaqəsi var? Çünki bu adlar sadəcə xəritədə deyil, xalqların dilində, yaddaşında və tarixində qorunub saxlanılan izlərdir.
Belə maraqlı nümunələrdən biri də Kəpəz adıdır. Azərbaycan rayonlarından ən az ömürlüsüdür, cəmi 42 il “yaşayıb”. 1980-ci ildə təsis olunmuş Kəpəz Gəncə şəhərinin inzibati rayonlarından idi. Adını Göygöl ətrafındakı möhtəşəm dağ zirvəsindən götürmüşdü. 2022-ci ildə Gəncə şəhərinin idarəetmə sisteminin yenidən təşkil edilməsi məqsədilə ləğv olunub.
Əsrlərdən qalan yadigarlar
Kəpəz rayonu tarixi-mədəni irs baxımından kifayət qədər zəngin ərazi olub. Burada həm qədim Gəncə ilə bağlı arxeoloji abidələr, həm dini memarlıq nümunələri, həm də XI-XIX əsrlərə aid tarixi tikililər yerləşir. Məşhur İmamzadə ziyarətgah kompleksi, qala divarlarının qalıqları, Qədim bazar meydanı və saray qalıqları, Gəncənin müdafiəsində böyük rolu olmuş Comərd Qəssab türbəsi və s.
Yəni göründüyü kimi, inzibati xəritələr dəyişə, rayonlar ləğv edilə bilər, amma əsrlərin yaddaşında yaşayan toponimlər öz tarixi və mədəni əhəmiyyətini qoruyur.
Maraqlıdır ki, “kəpəz” adı Azərbaycandan başqa Türkiyədə də var: həm də bir neçə bölgəsində – Antalya, Çanaqqala, Kastamonu, Kayseri, Kırşehir, Kütahya, Malatya, Şanlıurfa və Tokatda.
Bəs “kəpəz” sözünün kökündə hansı məna dayanır?
Bir ərazinin adı bizə düşündüyümüzdən daha böyük bir tarix danışır. Sözün mənası haqqında bir neçə maraqlı izah mövcuddur: Kəpəzin ən çox qəbul edilən mənalarından biri coğrafi relyeflə, yəni dağ quruluşu ilə əlaqəlidir. Kəpəz – türk dillərində pilləli, qayalı yüksəklik deməkdir. Təkcə bizdəki Kəpəz dağına deyil, elə Türkiyədəki Kəpəzlərə də baxanda bu dağların doğrudan da tərkibindəki süxurlara görə pilləli, çöküntülü-çıxıntılı daşlıqlardan ibarət olduğunu görürük.
Burdan həm də belə qənaətə gəlirik ki, Türkiyədə də inzibati ərazinin adı yaxınlıqdakı qat-qat qayalardan götürülüb. Yəni ilk ağla gələn düşüncə – Türkiyəyə bu ad Azərbaycandan, xüsusilə Gəncədən aparıldığına dair tarixi sübut yoxdur.
Niyə məhz “aparılma”, çünki tarixin bütün dönəmlərində müəyyən siyasi rejim dəyişikliyi, müharibələr, tayfa/nəsil qarşıdurmaları Azərbaycan bəylərinin, xanlarının qonşu ölkələrə mühacirət etməsinə səbəb olurdu. Yeni məkanda ortaq mədəniyyəti və dili nəzərə alan bu müdrik və uzaqgörən kişilərin milli adları qonşu ölkələrdə yaşatması danılmaz faktdır.
Ortaq türk dilinin coğrafiyalara səpələnmiş izləri
Qeyd edək ki, həm Antalyada, həm digər türk şəhərlərindəki Kəpəz rayonları yüksəkliyin kənarında yerləşən böyük yaşayış massividir. Həmçinin həmin şəhərlərin bələdiyyə sorğusunda da ərazilərin adının mənası eynilə bizim izahlardakı kimi qeyd olunub. Yeri gəlmişkən, Türkiyə Statistika Qurumunun 2024-cü il siyahıyaalmasına əsasən, Kəpəz Antalyanın ən çox əhaliyə malik rayonu olub.
Türk dilindəki “kəpəz” sözünün başqa bir izahı da mövcuddur. Bəzi etimoloji mənbələr onu yunan dilindəki kapásion (başlıq, tac) sözü ilə əlaqələndirirlər. Bu izah xüsusilə gəlin tacı mənasına aiddir.
Bu ehtimal da uyğun görünür. Çünki bütün Kəpəzlərə baxanda sanki kənardan çıxıntılı, ucluqlu tacı xatırladır. Yunanlar ucluqlu dəbilqəni və qoruyucu kaskanı da belə adlandırırlar. Həmçinin bəzi taca bənzər pipiyi olan quşlara da “taclı”, yaxud “kəpəzli” quşlar deyilib.
Yunancadan əlavə elə qədim latın dilində də kapatium “baş”, “yüksək” yer deməkdir.
“Kəpəz” sözü sadəcə fiziki vasitəni ifadə etmir; o, həm də “müdafiə” və “təhlükəsizlik” anlayışlarındadır. Baş geyimi fərdin kimliyini və statusunu vurğulayan bir simvol rolunu oynayır, dəbilqə isə cəsarət, dözümlülük, qoruyuculuq və döyüş ruhunun nişanəsidir.
Şəfiqə Şəfa, Bizim.Media