“Qırmızı kürüsüz qalmaq istəməzdik...”

Rusiyanın kənd təsərrüfatı naziri Oksana Lut iqlim dəyişikliyi və qızılbalıq növlərinin ov həcminin azalması fonunda qırmızı kürü ilə bağlı yaranan problemin həlli yollarını nəzərdən keçirəcəklərini bildirib.

“Gazeta.ru”ya istinadən, nazirin sözlərinə görə, iqlim dəyişikliyi səbəbindən qızılbalıqların miqrasiya marşrutları dəyişib və bu il balıqların ovlanması gözlənilən səviyyədə olmayıb.

“İqlim dəyişir. Qızılbalıqlar gəlmədi. Əlbəttə, qırmızı kürüsüz qalmaq istəməzdik. Bu məsələ ilə bağlı nə edə biləcəyimizi düşünəcəyik. Amma bu, təbiətdən asılı olan vəziyyətdir”, – deyə Lut bildirib.

Bununla yanaşı, Rusiya Federal Balıqçılıq Agentliyinin rəhbəri İlya Şestakov oktyabrın 22-də ölkə bazarında, hətta Yeni il dövründə belə tələbatı ödəmək üçün kifayət qədər qırmızı kürü olduğunu açıqlayıb.

Məlumata görə, 2026-cı ildə Rusiyada qırmızı kürü istehsalı ötən illə müqayisədə 66% azalıb. Mayın 20-dən sentyabrın 7-dək satışa 2,6 min ton qırmızı kürü çıxarılıb. Müqayisə üçün qeyd edək ki, bu göstərici 2025-ci ilin eyni dövründə 7,66 min ton, 2024-cü ildə isə 5,15 min ton olub. Beləliklə, builki istehsal 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə də 49% azalıb. Qiymət artımı isə xüsusilə Uzaq Şərq qızılbalığı və keta balığının topdansatış qiymətlərində müşahidə olunub. Bahalaşmanın əsas səbəbi kimi bu il ov mövsümünün zəif keçməsi göstərilir.