Şimali Koreya müharibəyə başlayır? - Hərbi ekspertdən AÇIQLAMA

Şimali Koreya lideri Kim Çen In ordunun döyüş hazırlığının gücləndirilməsi və bölmələrin müharibəyə tam hazır vəziyyətə gətirilməsi ilə bağlı çağırış edib. O, hərbi təlim və manevllərin təkmilləşdirilməsinin vacibliyini vurğulayıb. Şimali və Cənubi Koreya arasında gərginliyin yenidən artdığı bir dövrdə Kim Çen Inın bu açıqlaması diqqət çəkir.

Kim Çen Inın ordunun döyüş hazırlığının artırılması ilə bağlı bu çağırışı hansı hərbi və strateji məqsədlərə xidmət edir? Bu addım Şimali Koreyanın mümkün hərbi ssenarilərə hazırlaşdığını göstərir, yoxsa daha çox Cənubi Koreya və onun müttəfiqlərinə siyasi-hərbi mesaj xarakteri daşıyır?

Mövzu ilə bağlı Redaktor.az-a danışan hərbi ekspert Ədalət Verdiyev bildirdi ki, Şimali Koreya lideri Kim Çen Inın ordunun tam döyüş hazırlığı vəziyyətinə gətirilməsi və hərbi təlimlərin daha intensiv keçirilməsi ilə bağlı verdiyi son tapşırıqların bir neçə məqsədi var:

"Bu məqsədlər həm regionda gərginliyin artırılması, həm də Şimali Koreyanın strateji hədəflərinin reallaşdırılması ilə bağlıdır. Bildiyimiz kimi, hazırda Şimali və Cənubi Koreya arasında sərhəddə vəziyyət kifayət qədər gərginləşib. Silahsızlaşdırılmış zonada bir sıra insidentlər baş verib. Burada mina partlayışları və sərhəd pozuntuları da müşahidə olunur. Gərginliyin artması fonunda Şimali Koreya mümkün hərbi əməliyyatların, toqquşmaların və hərbi təxribatların qarşısını almaq üçün preventiv tədbirlər gördüyünü nümayiş etdirməyə çalışır".

Ekspert qeyd etdi ki, paralel olaraq, Şimali Koreya lideri ordunu döyüş hazırlığı vəziyyətinə gətirməklə ölkə daxilində hərbi potensialın gücləndirilməsinə, islahatların aparılmasına və sürətləndirilməsinə çalışır:

"Bununla yanaşı, rəqiblərinə qarşı müəyyən hərbi təzyiq göstərməyə cəhd edir. Bu addımların digər məqsədi gələcəkdə mümkün danışıqlar zamanı ABŞ-ni müəyyən güzəştlərə sövq etmək, Vaşinqtona Şimali Koreyanın nüvə dövləti statusunu qəbul etdirmək və beynəlxalq səviyyədə öz maraqlarına uyğun siyasi dividendlər əldə etmək ola bilər. Digər tərəfdən, Kim Çen In ABŞ-Cənubi Koreya ittifaqına qarşı öz ölkəsinin hərbi potensialını nümayiş etdirməyə çalışır. ABŞ və Cənubi Koreyanın yaxın keçmişdə keçirdiyi birgə hərbi təlimlər Şimali Koreya tərəfindən real təhdid kimi qiymətləndirilir. Pxenyan ordunun döyüş hazırlığı vəziyyətinə gətirilməsini də bu hərbi ittifaqa qarşı çəkindirmə vasitəsi kimi təqdim edir".