ABŞ administrasiyası Belarusun kalium gübrələrinin Litvanın Klaypeda dəniz limanı vasitəsilə tranzitinə və ixracına yenidən icazə verilməsi üçün Vilnüsə təzyiq göstərir.
Bu barədə “Politico” nəşri məlumatlı mənbələrə istinadən məlumat yayıb.
Bildirilib ki, ABŞ prezidentinin xüsusi nümayəndəsi Con Koul litvalı diplomatlarla bir sıra qapalı məsləhətləşmələr aparıb. Görüşlər zamanı Belarus məhsullarına qarşı sərt məhdudiyyətlərin yumşaldılması imkanları müzakirə olunub.
Hazırda Belarus məhsullarının Avropa İttifaqı limanları vasitəsilə ixracına qoyulan sanksiyalar hər il uzadılmalıdır. 2027-ci ildə Avropa İttifaqına Litva sədrlik edəcək. Nəzəri baxımdan Vilnüs məhdudiyyətlərin uzadılmasının qarşısını ala bilər. Lakin Litva indiyədək sanksiya siyasətinin əsas tərəfdarlarından biri olub.
Sentyabrda ABŞ prezidenti Donald Tramp Minsk ilə genişmiqyaslı saziş hazırladıqlarını açıqlamışdı. Razılaşma çərçivəsində Belarus gübrələrinin Kanada məhsullarından daha aşağı qiymətə alınması nəzərdə tutulur.
ABŞ kalium gübrələrinin idxalından ciddi şəkildə asılıdır və ehtiyacının təxminən 80 faizini Kanadadan təmin edir. Lakin Ottava ilə ticarət və tarif mübahisələrinin dərinləşməsi Ağ Evı alternativ təchizat kanalları axtarmağa vadar edib.
Artıq bu istiqamətdə ilk praktiki addımlar da atılıb. Oktyabrın 20-də Belarusun BMT-dəki daimi nümayəndəsi Valentin Rıbakov ABŞ-ın sanksiyaları qismən yumşaltmasından sonra ölkəsindən Amerikaya ilk kalium gübrələri partiyasının göndərildiyini bildirib.