Litvanın Baş naziri Mindauqas Sinkeviçyusun doktorluq dissertasiyasında plagiata yol verdiyi müəyyən edilib.
Bu barədə İdarəetmə və İqtisadiyyat Universitetinin (ISM) Etika Komissiyasının araşdırmasında bildirilib.
Sinkeviçyus 2015-ci ildə “Ziddiyyətli ictimai və şəxsi amillər kontekstində alkoqol istehlakı” adlı dissertasiyasını müdafiə edib.
Komissiya araşdırma nəticəsində akademik yazı, istinadların verilməsi və mənbələrin göstərilməsi qaydalarında, o cümlədən plagiat hallarında ciddi pozuntular aşkar edib.
Həmçinin müəllifin universitetin etika kodeksində nəzərdə tutulan müstəqil elmi araşdırma prinsipini pozduğu qənaətinə gəlinib.
Baş nazir pozuntuları inkar etməsə də, dissertasiyanın elmi dəyərini qoruduğunu iddia edib.
“Məlumatları özüm təhlil etmiş və nəticələri özüm formalaşdırmışam. Buna görə də işimin elmi dəyərinə heç vaxt şübhə etməmişəm”, – o bildirib.
Sinkeviçyusun sözlərinə görə, doktorantura komitəsi dissertasiyanın elmi dəyərini saxladığı qənaətinə gəlib. Etika Komissiyası isə elmi dərəcədən məhrumetmə prosedurunun başlanmasını qeyri-mütənasib tədbir hesab edib.
Universitetin qaydalarına əsasən, baş nazir düzəlişlər edilmiş və ictimaiyyət üçün açıq olacaq əlavə sənəd hazırlamalıdır.