Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Ümumi Yığıncağı keçirilib.
Toplantıda Prezident Administrasiyasının keçmiş rəhbəri, AMEA-nın sabiq prezidenti Ramiz Mehdiyevin akademiya üzvlüyündən çıxarılması məsələsi səsə qoyularaq təsdiqlənib.
Qeyd edək ki, AMEA Rəyasət Heyətinin oktyabrın 28-də keçirilən iclasında R.Mehdiyevin akademiyadan çıxarılması barədə qərar qəbul olunmuşdu. Həmin qərar AMEA-nın Ümumi Yığıncağında təsdiqlənməli idi.
Xatırladaq ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyev 14 il müddətinə azadlıqdan məhrum edilib.
Hökmə əsasən, Ramiz Mehdiyevin yaşı və xəstəlikləri ilə əlaqədar sağlamlıq vəziyyəti nəzərə alınmaqla Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının şərti olmasına qərar verilib.
Hökmdə, həmçinin, Ramiz Mehdiyevin dövlət təltiflərindən məhrum edilməsinə baxılması üçün təqdimat göndərilməsi qərara alınıb.
Ramiz Mehdiyevin əmlakının müsadirə olunaraq dövlət nəfinə keçirilməsi də hökmdə əksini tapıb.
Xatırladaq ki, Ramiz Mehdiyev barəsində 2025-ci ilin oktyabrında Dövlət Təhlükəsizliyi Xidmətində cinayət işi başlanıb. Ramiz Mehdiyevə Cinayət Məcəlləsinin 193-1.3.2-ci (cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılması), 274-cü (dövlətə xəyanət) və 278.1-ci (hakimiyyəti zorla ələ keçirməyə və ya dövlətin konstitusiya quruluşunu zorla dəyişdirməyə yönələn hərəkətlər) maddələri ilə ittiham verilib.
Ramiz Mehdiyev 1995–2019-cu illərdə Prezident Administrasiyasının rəhbəri olub.