Taksi sürücüləri üçün vacib xəbər

Dövlət İmtahan Mərkəzi (DİM) xüsusi hazırlıq keçmiş və şəhadətnamə almaq istəyən taksi sürücüləri üçün dekabrın 3-də növbəti imtahan keçirəcək.

Bu barədə DİM məlumat yayıb.

Bildirilib ki, imtahanda iştirak etmək istəyən namizədlər noyabrın 19-u saat 18:00-dək qeydiyyatdan keçməlidirlər.

İmtahanda iştirak edəcək namizədlər barədə məlumatlar müvafiq qurumlar tərəfindən DİM-ə təqdim olunub. Qeydiyyatdan keçmək üçün namizədlər əvvəlcə DİM-in internet saytında "Şəxsi kabinet" yaratmalı, daha sonra "Aktual elektron imtahanlara qeydiyyat, buraxılış vərəqəsi və nəticələrin çapı" xidməti vasitəsilə qeydiyyat prosesini tamamlamalıdırlar.

İmtahanda iştirak ödənişlidir. Namizədlər "Şəxsi kabinet"lərinin pul hesabına 35 manat əlavə etməlidirlər. Qeydiyyatdan keçdikləri imtahanda iştirak etməyən şəxslərin ödədikləri vəsait geri qaytarılmır.

Test imtahanı Bakıda DİM-in elektron imtahanlar korpusunda, Naxçıvan şəhər 4 nömrəli tam orta məktəbində və Gəncə şəhərindəki Vaqif Əliyev adına 12 nömrəli tam orta məktəbdə keçiriləcək.

Namizədlər imtahana buraxılış vərəqəsini qeydiyyat başa çatdıqdan sonra, imtahana üç gün qalmış DİM-in internet saytındakı müvafiq elektron xidmət vasitəsilə əldə edə biləcəklər.

İmtahan bir saat davam edəcək. Namizədlərə sürücülərin etik davranış qaydalarını və avtomobil nəqliyyatı ilə sərnişin daşımalarını tənzimləyən normativ hüquqi aktları əhatə edən xüsusi hazırlıq proqramı üzrə 20 test tapşırığı təqdim olunacaq.

Hər düzgün cavab bir balla qiymətləndiriləcək, səhv cavablar isə düzgün cavabların nəticəsinə təsir göstərməyəcək.

İmtahanda 10 və daha çox bal toplayan namizədlər müvəffəqiyyət qazanmış hesab ediləcək və onlara yeddi il müddətində qüvvədə olan şəhadətnamə veriləcək.