Azərbaycan Prezidenti İlham Əliyevin Ankarada keçirilən Türk Dövlətləri Təşkilatının (TDT) 13-cü Zirvə Görüşündə iştirak edib-etməyəcəyi hələ də təsdiqlənməyib.
Oktyabrın 21-də Prezident Erdoğan telefon danışığında Prezident Əliyevi Ankaradakı sammitə dəvət edib.
Bu qeyri-müəyyənlik Azərbaycanda dövlət məktəblərində təsdiqlənmiş yeni geyim qaydaları ilə hicab taxanların məktəbə buraxılmaması səbəbilə Bakı ilə Ankara arasında yaranmiş fikir ayrılığından sonra baş verir.
Mübahisə gərginləşdikcə, Azərbaycan xarici təzyiq və ya müdaxilədən azad, müstəqil siyasət yürütmək hüququnu xatırladıb.
Türkiyə Prezidenti Rəcəb Tayyib Erdoğanın baş müşaviri Oktay Saral "hicab qadağasını" "qəbuledilməz" adlandırıb və daha sonra istefa verib.
Bundan başqa, Türkiyədə Azərbaycan hökumətinin ən sərt tənqidçilərindən bəziləri saxlanılıblar.
Bu gün Ankarada başlayan Türk Dövlətləri Təşkilatının (TDT) 13-cü Zirvə Görüşü iki gün davam edəcək. Zirvə görüşünün ilk günü TDT Xarici İşlər Nazirləri Şurasının iclası keçirilir.
Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov bu tədbirdə iştirak etmək üçün Ankaradadır, bu barədə Azərbaycan XİN bildirib. Onu Türkiyənin xarici işlər naziri Hakan Fidan qarşılayıb.
Qazaxıstan lideri oktyabrın 28-də Ankaraya rəsmi səfərə gəlib, onu hava limanında Erdoğan özü qarşılayıb.