Naxçıvan, 29 oktyabr, AZƏRTAC Torpağa bağlılıq, zəhmətə inam və bol məhsul ümidi… Şahbuz rayonunun kəndlərində payızlıq əkin mövsümü bu il daha geniş sahələri əhatə edir.AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, ötən illə müqayisədə şumlanmış torpaqların və payızlıq əkin sahələrinin əhəmiyyətli dərəcədə artması kənd təsərrüfatında fəallığın yüksəldiyini göstərir. Torpaq mülkiyyətçiləri və fermerlər əkin sahələrini genişləndirməklə yanaşı, məhsuldarlığın artırılmasına, təsərrüfatlarının inkişafına və öz istehsalları hesabına tələbatlarını ödəməyə çalışırlar. Rayonun Mahmudoba və Mərəlik kəndlərində apardığımız müşahidələr də göstərir ki, payızlıq əkin mövsümündə əsas hədəf torpaqdan səmərəli istifadə etmək, mövcud imkanları dəyərləndirmək və gələcək məhsul üçün möhkəm zəmin yaratmaqdır. Şum sahələrinin artması əkinçilikdə fəallığı göstərir Şahbuz rayonunda payızlıq əkin mövsümü çərçivəsində görülən işlər ötən illə müqayisədə müsbət dinamika ilə davam edir. Cari ildə rayonda 700 hektar sahədə şum aparılıb. Ötən il isə bu göstərici 248 hektar olub. Beləliklə, şumlanmış sahələrin həcmi 452 hektar artıb.Payızlıq əkin sahələrində də nəzərəçarpan artım qeydə alınıb. Ötən il 41 hektar təşkil edən əkin sahəsi cari ildə 239,5 hektara çatıb. Bu, 198,5 hektar artım deməkdir. Suvarılan sahələrin həcmi isə ötənilki sıfır göstəricisindən cari ildə 3 hektara yüksəlib. Rəqəmlər rayonda əkinçiliyin genişləndirilməsi istiqamətində görülən işlərin miqyasının artdığını göstərir. Şum sahələrinin böyüməsi yeni əkinlər üçün zəmin yaradır, torpaqdan istifadənin genişlənməsi isə kənd təsərrüfatı istehsalının artırılması baxımından əhəmiyyət daşıyır. Bu işlər, eyni zamanda, “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026-2030-cu illər üçün Dövlət Proqramı”nda nəzərdə tutulan hədəflərin həyata keçirilməsinə töhfə verir.Lakin əkinçilikdə uğur yalnız sahələrin genişləndirilməsi ilə ölçülmür. Torpağın düzgün hazırlanması, keyfiyyətli toxumdan istifadə, gübrələmə, suvarmanın vaxtında təşkili və hava şəraiti də məhsuldarlığa birbaşa təsir göstərir. Elə kənd təsərrüfatı ilə uzun illərdir məşğul olan torpaq mülkiyyətçilərinin təcrübəsi də bunu təsdiqləyir. Torpağın dilini bilən əkinçinin zəhməti Şahbuz rayonunun Mahmudoba kənd sakini Turab Kərimovun əkinçilik təcrübəsi təxminən 30 ilə yaxındır. O, torpaqların özəlləşdirilməsindən sonra - 1997-ci ildən bu sahədə fəaliyyətini davam etdirib, hər il pay torpaqlarında və bələdiyyə ilə bağlanmış müqavilələr əsasında 5 hektara yaxın sahədə taxıl əkib. İllərin təcrübəsi ona torpağın xüsusiyyətlərini, hava şəraitinin və yağıntıların məhsula təsirini yaxından öyrədib.Təsərrüfatçı deyir ki, müxtəlif illərdə hektardan 10–30 sentner arasında məhsul götürdüyü vaxtlar olub. Məhsuldarlığın dəyişməsi, əsasən, torpaq-iqlim şəraiti, torpağın bioloji xüsusiyyətləri və su təminatı ilə bağlıdır. Bu amillər nəzərə alınmadan yüksək məhsuldarlığa nail olmaq çətindir. Cari mövsümdə isə o, əkin sahəsini genişləndirib. “Keçən il 2 hektar sahədə taxıl əkmişdimsə, bu il artıq 3 hektar sahədə əkin aparmışam. Şumlama işləri görülüb, toxum hazırdır. Dövlət tərəfindən verilən gübrəni götürəcəyəm. Toxumla birlikdə fosfor və digər gübrələri də torpağa verəcəyəm. Məqsədimiz yüksək məhsul əldə etməkdir”, – deyə təsərrüfatçı bildirir.Ötənilki nəticələrdən danışan müsahibimiz həmin il hər hektardan 18 sentner taxıl götürdüyünü qeyd edir. Əvvəlki illərdə isə məhsuldarlıq daha yüksək olub. Yağıntıların miqdarı və su ehtiyatlarının vəziyyəti məhsulun həcminə ciddi təsir göstərir. 2026-cı ildə yağıntıların çox olması, çaylarda və digər su mənbələrində suyun mövcudluğu əkin sahələrinin suvarılmasına əlverişli şərait yaradıb.Vaxtında suvarma aparılarsa, gübrələr düzgün tətbiq edilərsə və hava şəraiti əlverişli olarsa, əkinçi daha yüksək məhsul götürməyin mümkün olduğunu düşünür. Taxılçılıq və heyvandarlıq bir təsərrüfatda birləşir Şahbuz rayonunun Mərəlik kənd sakini İlham Həsənov da uzun illərdir kənd təsərrüfatı ilə məşğuldur. O, taxılçılıqla yanaşı, heyvandarlığı da inkişaf etdirərək təsərrüfatını daha səmərəli qurmağa çalışır. Əkin sahələrinin bir hissəsində arpa yetişdirməyə üstünlük verməsi də məhz bu məqsədlə bağlıdır.Onun sözlərinə görə, ötən il 3,1 hektar sahədə əkin aparıb. Həmin sahənin 2 hektarında arpa, 1,1 hektarında isə buğda yetişdirib. Hektardan orta hesabla 23 sentner məhsul götürüb.Cari ildə isə 3 hektar sahədə taxıl əkib. Bunun 0,75 hektarı arpa, qalan hissəsi isə buğdadır. Təsərrüfatçı əkin sahələrinin mövcud imkanlar daxilində daha da genişləndirilməsində maraqlıdır.“Su problemimiz, demək olar ki, yoxdur. Hazırda əkin işlərini tam başa çatdırmamışıq. Torpağın hazırlanması işləri yekunlaşandan sonra suvarmaya başlayacağıq. Bu işlər başa çatan kimi su veriləcəyi bildirilib”, – deyə İlham Həsənov qeyd edir. İlham Həsənovun təsərrüfatında taxılçılıq heyvandarlıqla sıx bağlıdır. O, altı baş iribuynuzlu mal-qara saxlayır və yetişdirdiyi arpadan heyvanların yemlənməsində istifadə edir. Bu baxımdan arpa onun üçün yalnız taxıl məhsulu deyil, həm də heyvandarlığın yem təminatında mühüm vasitədir.“Çalışıram ki, əkin sahələrimi bir qədər də genişləndirim. Heyvandarlıqla da məşğulam. Məqsədim öz təsərrüfatımda istehsal etdiyim məhsullardan istifadə etməklə təsərrüfatımı inkişaf etdirməkdir. Arpaya üstünlük verməyim də bununla bağlıdır. Onu heyvanlarım üçün qüvvəli yem kimi istifadə edirəm”, – deyə kənd sakini bildirir.Təsərrüfatçının bu yanaşması aqrar sahələrin bir-birini tamamlamasının əhəmiyyətini göstərir. Taxıl istehsalı heyvandarlığın yem təminatına kömək edir, heyvandarlıq isə ailə təsərrüfatının gəlir imkanlarını genişləndirir. Beləliklə, fermerlər mövcud resurslardan daha səmərəli istifadə etməyə, xərcləri azaltmağa və təsərrüfatlarının dayanıqlılığını artırmağa çalışırlar. Məqsəd daha çox məhsul, daha dayanıqlı təsərrüfatdır Şahbuz rayonunda payızlıq əkin sahələrinin genişlənməsi kənd təsərrüfatının inkişafına olan marağın artdığını göstərir. Şumlanmış sahələrin 248 hektardan 700 hektara, payızlıq əkinlərin isə 41 hektardan 239,5 hektara yüksəlməsi cari işlərin əvvəlki illə müqayisədə daha geniş miqyasda aparıldığını təsdiqləyir.Mahmudoba və Mərəlik kəndlərində fəaliyyət göstərən təsərrüfatçıların fikirləri də göstərir ki, torpaq mülkiyyətçiləri qarşıdakı məhsul mövsümünə hazırlığı ciddi şəkildə davam etdirirlər. Biri uzunillik təcrübəsinə əsaslanaraq əkin sahəsini artırır, gübrələmə və suvarma tədbirlərinə diqqət yetirir, digəri isə taxılçılıqla heyvandarlığı uzlaşdıraraq təsərrüfatının yem təminatını öz istehsalı hesabına qurmağa çalışır. Təbii ki, bol məhsul əldə etmək üçün əkin sahələrinin genişləndirilməsi ilə yanaşı, aqrotexniki qaydalara əməl olunması, su ehtiyatlarından səmərəli istifadə, keyfiyyətli toxum və gübrə təminatı da mühüm əhəmiyyət daşıyır. Havanın əlverişli keçməsi və suvarmanın vaxtında aparılması isə fermerlərin gözləntilərinin reallaşmasında əsas amillərdəndir.Şahbuzda payızlıq əkin mövsümünün əsas mənzərəsi torpağa daha çox əmək sərf etmək, əkin sahələrini genişləndirmək və gələcək məhsul üçün indidən zəmin yaratmaqdır. Torpaq mülkiyyətçilərinin zəhməti, kənd təsərrüfatına marağın artması və Dövlət Proqramında müəyyənləşdirilən hədəflər bu istiqamətdə mühüm rol oynayır. Qarşıda duran əsas vəzifə genişlənən əkin sahələrini yüksək məhsuldarlıqla birləşdirmək, kənd təsərrüfatı istehsalını artırmaq və hər hektar torpaqdan maksimum səmərə əldə etməkdir. Çünki torpağa göstərilən qayğı və vaxtında görülən işlər yalnız bir mövsümün məhsulunu deyil, kənd təsərrüfatının gələcək inkişafını da müəyyənləşdirir. Müxbir - Nail Əsgərov