Cənubi afrikalı yazıçı süni intellektin köməyi ilə 371 kitab yazaraq 1 milyon dollar qazanıb

Koral Hart təxəllüsü ilə tanınan cənubi afrikalı yazıçı süni intellektin köməyi ilə kitablar yaratmağa başlayıb və son 20 ay ərzində 371 kitab nəşr etdirib. Bu barədə EWN məlumat yayıb.

Hart 2026-cı ildə yeni üsulla yazılmış kitablarının bir milyondan çox nüsxəsini sataraq 1 milyon dollardan artıq gəlir əldə edib.

Bundan əvvəl yazıçı 14 il nəşriyyat sahəsində çalışıb, bir neçə onlarla əsəri müstəqil şəkildə yazaraq nəşr etdirib.

Hart neyron şəbəkələrinin köməyi ilə kitablar üzərində işləməyə 2025-ci ilin fevralında başlayıb. O, üç ay ərzində bir neçə süni intellekt modelindən istifadəni öyrənib və qısa müddətdə tam mətnlər yaratmaq üçün öz sistemini qurub. “The New York Times”ın məlumatına görə, yazıçı əsasən Claude modelindən istifadə edir, seksual xarakterli səhnələri isə Grok və NovelAI vasitəsilə hazırlayır. Hartın süni intellektlə yazdığı romanlardan biri Amazon-un ən çox satılan 100 kitabı sırasına daxil olub.

Kitablar rəqəmsal, çap və audio formatlarda nəşr olunur. Sektordan gələn təzyiqlər səbəbindən yazıçı əsərlərini 21 müxtəlif təxəllüslə yayımlayır. Onun kitablarının əksəriyyəti sevgi romanlarıdır.

Yazıçı özünü kommersiya ədəbiyyatında yeni dövrün əsasını qoyan şəxs hesab edir. Bundan əlavə, o, süni intellektdən istifadə edən digər müəlliflərlə fəal əməkdaşlıq edir.

Koral Hart kitablar üzərində necə işləyir?

Süni intellekt romanın mətnini 45 dəqiqəyə yaradır. Yazıçı isə süjetin konsepsiyasını, üslubu və personajların xüsusiyyətlərini müəyyənləşdirir, həmçinin fəsillərin planını hazırlayır.

Koralın sözlərinə görə, kitabın ilk qaralama variantı adətən mükəmməllikdən uzaq olur. Hazırlanan mətn süjetdəki boşluqları aradan qaldırmaq və məzmuna düzəlişlər etmək üçün yenidən neyron şəbəkələrindən keçirilir. Sonda Hart mətni oxuyur, redaktə edir və nəşrə hazırlayır.