Bakı, 30 oktyabr, AZƏRTAC Oktyabrın 30-da “Bakıya uçuş. İncəsənət Həftəsonu. Gələcəyi İNDİ Duy” proqramı çərçivəsində "QGallery"də açılan "Yaddaşdan ötə” sərgisində Faiq Əhmədin “Azərxalça” ASC ilə əməkdaşlıq çərçivəsində yaratdığı “Eskizdən xalçaya” kolleksiyasından və Fərid Rəsulovun “Azərxalça” ASC ilə birgə ərsəyə gətirdiyi “Nağılları yaşadan ilmələr. Qarabağ xalçaları” kolleksiyasından xalçalar nümayiş olunur. AZƏRTAC xəbər verir ki, sərgi mədəni yaddaşın materiallarda, məkanlarda və gündəlik təcrübələrdə necə qorunub yenidən formalaşdığını araşdırır. Faiq Əhməd və Fərid Rəsulovun fərqli yaradıcılıq yanaşmaları ənənənin müasir incəsənətdə yeni məna və ifadə imkanları qazanmasını göstərir.Sərginin kuratoru Emin Məmmədovdur.Faiq Əhmədin “Eskizdən xalçaya” kolleksiyası yaradıcı ideyanın ilkin eskizdən toxunmuş xalçaya qədər keçdiyi yolu təqdim edir. Məhdud sayda hazırlanan kolleksiyaya hərəsindən 10 ədəd olmaqla yeddi xalça daxildir: “Turquoise, Göyçəli”, “Midnight, Qonaqkənd”, “Spring, Göyçəli”, “Rose, Göyçəli”, “Ink, Göyçəli”, “Crystal, Göyçəli” və “Magenta, Qonaqkənd”. Quba və Qərbi Azərbaycan xalçaçılıq məktəblərindən ilhamlanan xalçalar yun və ipək sapların qarışığından toxunub. Ənənəvi motivlər rəqəmsal təhriflər, optik illüziyalar, ərimə effektləri və piksel elementləri ilə yenidən şərh olunur.Fərid Rəsulovun “Nağılları yaşadan ilmələr. Qarabağ xalçaları” kolleksiyasına altı xalça daxildir: “Ağ at və quşların nağılı”, “Qarabağ atının əfsanəsi”, “Zəriflik naxışı”, “Qızılı lələklərin əks-sədası”, “İlmələrdəki pələng” və “Gecənin tacı nar”. Yun və ipək qarışığından hazırlanan xalçalar 3D texnikası ilə toxunub. Kolleksiya Qarabağ xalçaçılıq məktəbinin ornamental dilini müasir vizual hekayələrlə birləşdirir.Hər iki kolleksiyanın xalçaları “Azərxalça”nın bölgələrdəki emalatxanalarında təcrübəli qadın toxucular tərəfindən əl ilə hazırlanıb. Beləliklə, sərgidə ənənəvi toxuculuq sənəti müasir bədii yanaşmalarla yanaşı təqdim olunur. Faiq Əhməd xalçanın vizual quruluşunu və ornamentin dəyişmə imkanlarını araşdırır, Fərid Rəsulov isə xalçanı mədəni yaddaşın və hekayələrin daşıyıcısı kimi təqdim edir.“Yaddaşdan ötə” sərgisi mədəni irsi dəyişməz keçmiş kimi deyil, yeni mənalar yaratmağa davam edən canlı proses kimi nəzərdən keçirir. Müxbir - Gülay Nəzərova