Samuxda əmək yarmarkası keçirilib

Samux Rayon İcra Hakimiyyətinin dəstəyi və Gəncə-Daşkəsən Regional Məşğulluq filialının təşkilatçılığı ilə Samux rayon Heydər Əliyev Mərkəzində əmək yarmarkası keçirilib.

Yarmarkada Samux sakinlərinə müxtəlif sahələr üzrə iş imkanları və vakansiyalar təqdim olunub.

Tədbirdə ümumilikdə 13 müəssisə üzrə 123 vakansiya işaxtaran şəxslərin diqqətinə çatdırılıb. Şöbə müdiri, həkim, İT mütəxəssisi, tibb bacısı, aqronom köməkçisi, mexanik, suvarma üzrə mütəxəssis, bağban, operator, aşpaz, satıcı-kassir, ərazi gözətçisi, fəhlə, qablaşdırıcı və tərəvəzçi vəzifələri üzrə iş yerləri təklif edilib.

İştirakçılara vakansiyalar, iş öhdəlikləri, işə qəbul qaydaları və şərtləri barədə ətraflı məlumat verilib, müraciət edən namizədlərin sənədləri qəbul olunub.

Əmək yarmarkasının keçirilməsində əsas məqsəd işsiz və işaxtaran şəxslərin məşğulluğunun təmin edilməsinə dəstək göstərmək, onların əmək bazarına çıxış imkanlarını genişləndirməkdir.