Bakıda məktəbdə çəkiliş aparan “Real TV” əməkdaşlarına hücum edilib

Oktyabrın 28-də Bakının Yasamal rayonundakı 225 nömrəli tam orta məktəbin həyətində çəkiliş aparan “Real TV” əməkdaşlarına hücum edilib. Hadisə zamanı operator xəsarət alıb.

Televiziya əməkdaşları məktəbin 7-ci sinif şagirdinin pəncərədən yıxılaraq ölməsi barədə çəkiliş aparmaq üçün məktəbə gediblər. Media məlumatlarına görə, məktəbin qarovulçusunun təkidindən sonra bir qrup şəxs çəkiliş qrupuna hücum edib. Jurnalistlər Daxili İşlər Nazirliyinin “102” xidmətinə müraciət ediblər. Hadisə ilə bağlı saxlanılanların olduğu bildirilir.

Bakı Şəhəri üzrə Təhsil İdarəsi bildirib ki, məktəbin həyətində hadisənin işıqlandırılması zamanı baş verən insident nəzarətə götürülüb. Qurumun məlumatına görə, hadisənin şahidi olan müəllimlərin, şagirdlərin və valideynlərin iştirakı ilə araşdırma aparılacaq və qanunauyğun tədbirlər görüləcək.