Əməkdaşımızı təpikləyib tapdaladılar

Xəbər verildiyi kimi, Real TV-nin əməkdaşları Rəşad Əliyev və operator Rəsul İsayev Bakıda, Yasamal rayonundakı 225 nömrəli məktəbdə baş verən hadisə ilə bağlı çəkiliş apararkən zorakılıq və fiziki təzyiqlə üzləşiblər.

Bu barədə onlar Metbuat.az-a açıqlamalarında bildiriblər.

Əvvəlcə televiziya əməkdaşlarına hücum edilib, çəkiliş kamerasındakı görüntülər isə zorla sildirilib. Əməkdaşlar ikinci cəhd zamanı Real TV operatorunun döyülməsi anlarını lentə ala biliblər.

Müxbir Nigar Namiqin sözlərinə görə, televiziya əməkdaşlarına hücum zamanı şagirdləri təhrik edən şəxs məktəbin qarovulçusu olub.

Jurnalist bildirib ki, hadisə zamanı əməkdaşları təpiklə vurulub, başından və üzündən xəsarətlər alıb.

“Əməkdaşımız naməlum şəxslər tərəfindən təpikləndi, başından və üzündən xəsarətlər aldı. Biz vəzifəmizi yerinə yetirib, üstəlik həssas məsələ olduğu üçün etik çərçivələr daxilində çəkiliş aparan zaman belə bir halla qarşılaşdığımız üçün çox təəssüf edirəm.

Şəkildəki kişi, qırmızı gödəkçəli oğlan da daxil olmaqla, bir neçə nəfəri təhrik edərək bizim hücuma məruz qalmağımıza şərait yaratdı. Bir də gördüm ki, əməkdaşımız təpiklənir, tapdalanır. Mənim onları aralaşdırmağa gücüm çatmadı. Əlimdən yalnız özümü itirməyib 102-yə məlumat vermək gəldi.

Bu zaman da nə kənardan məktəb işçiləri, valideynlər müdaxilə etdi, nə də jurnalistlər. İnsident törədənləri polis saxladı”, – deyə Nigar Namiq bildirib.

Bildirilib ki, hadisə ilə bağlı sabah Daxili İşlər Nazirliyinə (DİN) rəsmi müraciət ediləcək.

Qeyd edək ki, hadisə həmin məktəbdə 7-ci sinif şagirdinin 4-cü mərtəbədən yıxılaraq ölməsi faktı ilə bağlı çəkiliş aparılan zaman baş verib.

Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib ki, oktyabrın 28-də Bakı şəhəri, Yasamal rayonunda yerləşən 225 nömrəli tam orta məktəbin 7-ci sinif şagirdinin 4-cü mərtəbədən yıxılması və aldığı xəsarətlərdən ölməsi faktı ilə bağlı Yasamal Rayon Prokurorluğunda araşdırma aparılır.