İmed Hazgi: Kriminal strukturlar sanksiyalardan yayınmaq üçün yeni texnologiyalardan istifadə edirlər

Mütəşəkkil cinayətkar dəstələr qeyri-qanuni aktivləri gizlətmək və məsuliyyətdən yayınmaq üçün süni intellekt və qabaqcıl texnologiyalardan getdikcə daha fəal şəkildə istifadə edirlər.

Bunu Tunisin korrupsiyaya qarşı mübarizə qurumunun nümayəndəsi İmed Hazgi Bakıda jurnalistlərə bildirib.

"Cinayətkar qruplaşmalar sanksiyalardan yayınmaq və öz aktivlərini gizlətmək üçün yeni texnologiyalar və süni intellektdən getdikcə daha çox istifadə edirlər. Bununla əlaqədar dövlətlərin üzləşdiyi yeni çağırış və təhdidlərə qarşı mübarizədə ən təsirli üsulları müzakirə etdik", - o qeyd edib.

Hazginin sözlərinə görə, İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv ölkələrin korrupsiyaya qarşı mübarizə orqanları rəhbərlərinin Bakıda keçirilən üçüncü görüşündə hüquq-mühafizə orqanlarının korrupsiyaya qarşı mübarizə sahəsində əməkdaşlığı haqqında Məkkə Konvensiyasının qüvvəyə minməsinin sürətləndirilməsi və qanunsuz yolla əldə edilmiş aktivlərin qaytarılması sahəsində əməkdaşlığın genişləndirilməsi yolları da nəzərdən keçirilib.

"Biz korrupsiyaya qarşı mübarizədə və aktivlərin qaytarılmasında əməkdaşlıq mexanizmlərinin inkişaf etdirilməsi yollarını, habelə dövlətlər arasında ikitərəfli və çoxtərəfli səviyyələrdə mümkün qarşılıqlı fəaliyyət istiqamətlərini müzakirə etdik", - o vurğulayıb.

Səmimi qəbula və tədbirin yüksək səviyyədə təşkilinə görə Azərbaycan hökumətinə minnətdarlığını bildirən Tunis nümayəndəsi korrupsiyaya qarşı mübarizə sahəsində beynəlxalq təcrübə mübadiləsi üçün onun vacibliyini qeyd edib.