Yeni siyahıya görə, Birləşmiş Millətlər Təşkilatında (BMT) ali vəzifəli şəxs – baş katib postuna beş qadın iddia edir: Rebeka Qrinspan (Kosta Rika), Karolin Rodriqes-Birkett (Qayana), Mariya Fernanda Espinosa Qarses, İvonn Baki (hər ikisi Ekvador), Lana Zəki Nusseybeh (Birləşmiş Ərəb Əmirlikləri).
Iki kişi namizəd də var: Rafael Mariano Qrossi (Argentina), Olara Otunnu (Uqanda).
193 ölkəni birləşdirən BMT-nin baş katibini Baş Məclis iki dəfədən çox olmamaqla 5 il müddətinə təyin edir. Təyinatda 15 ölkədən ibarət Təhlükəsizlik Şurasının tövsiyəsi əsas götürülür.
2016 və 2021-ci illərdə baş katib mandatı almış Antonio Quterreşin (Portuqaliya) səlahiyyət müddəti bitmək üzrədir. Yeni baş katib payızda müəyyənləşib 2027-ci il yanvarın 1-dən fəaliyyətə başlamalıdır.
1945-ci ildə yaradılan BMT-nin əvvəlki baş katibləri bu şəxslərdir: Trüqve Li (Norveç), Daq Hammarşeld (İsveç), U Tan (Myanma), Kurt Valdhaym (Avstriya), Xavyer Peres de Kuelyar (Peru), Butros Butros-Qali (Misir), Kofi Annan (Qana), Pan Gi Mun (Cənubi Koreya).