Bakı, 27 oktyabr, AZƏRTAC ‎ Azərbaycan dini-mədəni müxtəlifliyin harmoniyasına və məzhəblərarası anlaşmaya əsaslanan cəmiyyətin mümkünlüyünü öz nümunəsində bütün dünyaya nümayiş etdirir.‎ AZƏRTAC xəbər verir ki, bunu Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri, şeyxülislam Allahşükür Paşazadə Bakıda keçirilən “Ortaq gələcək naminə dialoq” mövzusunda VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun iştirakçıları ilə görüşündə deyib.‎ O qeyd edib ki, Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə həyata keçirilən Bakı Prosesi və Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumları sivilizasiyalararası əməkdaşlığın inkişafına mühüm töhfə verir. ‎Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu milli və dini tolerantlıq ənənələri bu gün uğurla davam etdirilir və inkişaf etdirilir. ‎Müxtəlif mədəniyyətlərin bir arada olması, bir-birindən bəhrələnməsi Uca Yaradanın lütfü və istəyidir. Xalqların bir-birini tanıması, öyrənməsi və qarşılıqlı anlaşma şəraitində yaşaması bəşəri dəyərlərin əsasını təşkil edir.‎ "Azərbaycanın dinlərarası dialoq və məzhəblərarası anlaşma sahəsindəki təcrübəsi beynəlxalq səviyyədə əməkdaşlığın gücləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır. ‎Əminəm ki, VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu dünyada sülhün, əmin-amanlığın və mədəniyyətlərarası harmoniyanın möhkəmlənməsinə öz layiqli töhfəsini verəcək", - deyə şeyxülislam vurğulayıb.