Baş bankir Kazımovdan gündəlik kredit verən BOKT-lara “sərtləşmə” mesajı

Azərbaycan Mərkəzi Bankı (AMB) yüksək faizli gündəlik kreditləşmənin azalmasını gözləyir və bu il həmin kreditlər üzrə tələbləri yenidən sərtləşdirməyi planlaşdırır.

Bunu AMB sədri Taleh Kazımov oktyabrın 29-da keçirilən mətbuat konfransında bank olmayan kredit təşkilatlarının (BOKT) faiz dərəcələri ilə bağlı sualı cavablandırarkən bildirib.

“Bu il də bu sahədə sərtləşmə gətirmək niyyətindəyik”, – deyə Kazımov bildirib. Onun sözlərinə görə, nəzərdə tutulan tədbirlər kredit faizlərinə də təsir göstərməli və onları daha məqbul səviyyəyə gətirməlidir.

AMB sədri qeyd edib ki, son üç ildə BOKT-ların, xüsusilə qısamüddətli gündəlik kreditlər üzrə fəaliyyətinə məhdudiyyətlər tətbiq olunur. Əsas məqsəd əhalinin izafi borclanmasının qarşısını almaqdır.

Bu çərçivədə kredit təşkilatının bir kreditdən faiz, komissiya, dəbbə pulu və digər ödənişlər hesabına əldə edə biləcəyi maksimum gəlirə hədd müəyyənləşdirilib. Kazımov həmin həddin mərhələli şəkildə aşağı salındığını bildirib.

“İndi hər il onu sərtləşdiririk, o tavanı azaldırıq”, – deyə Baş bankir vurğulayıb.

Mərkəzi Bankın mövqeyi gündəlik kredit verən təşkilatların diqqətinə də çatdırılıb. Kazımovun sözlərinə görə, tənzimləyici bu kreditləşmə növünün genişlənməsində maraqlı deyil. Məhdudiyyətlərin mərhələli tətbiqində isə maliyyə institutlarının biznes modelinə təsirlər nəzərə alınır.

“Amma mesajımız ondan ibarətdir ki, biz bu kreditləşmənin azalmasını gözləyirik”, – deyə AMB sədri bildirib.

Kazımov BOKT-larda faizlərin banklarla müqayisədə yüksək olmasını onların üzərinə götürdüyü risklərlə əlaqələndirib. Onun izahına görə, bəzi hallarda borcalanın gəlirinin təsdiqlənməsi və digər kredit tələbləri daha yumşaq olduğundan təşkilatlar əlavə riski yüksək faizlə kompensasiya etməyə çalışırlar.

Sədr xüsusilə 45 günədək verilən, kiçik məbləğli və sadələşdirilmiş prosedurlarla rəsmiləşdirilən kreditlərə toxunub. O, belə kreditlərin adi kreditlərlə müqayisədə yüksək faizlə verilməsinin beynəlxalq təcrübədə də müşahidə olunduğunu qeyd edib.

Mətbuat konfransında ünvanlanan sualda BOKT-ların vəsaitləri təxminən 15% illik faizlə cəlb etdiyi halda, müştərilərə 45–50% və bəzi hallarda daha yüksək faizlə kredit təqdim etməsi məsələsi qaldırılıb.