BMT İsrail ordusu tərəfindən Əl-Xəlilin mühasirəyə alınması səbəbilə işğal altındakı İordan çayının qərb sahilində “etnik təmizləmə” törədilməsindən narahatdır
Birləşmiş Millətlər Təşkilatı işğal altındaki İordan çayının qərb sahilində yerləşən Əl-Xəlil şəhərinə yönəlik tədbiq edilən mühasirəsini pisləyib. BMT bu əməlin minlərlə fələstinlini öz yurdundan didərgin saldığını bildirib. Eyni zamanda sakinlərə qarşı tətbiq edilən tədbirlərin “etnik təmizləmə” mənasına gələ biləcəyi barədə xəbərdarlıq edib.
BMT-nin İnsan Hüquqları üzrə sözçüsü Ceremi Lourens Cenevrədə verdiyi bəyanatda deyib: "Görülən genişmiqyaslı tədbirlər lazımsız və qeyri-mütənasib güc tətbiqinə dair ciddi narahatlıqlar doğurur". O, hücumların dərhal dayandırılmasına çağırış edib.
C.Lourens İsrail işğalının yaşayış evlərinin və kommersiya obyektlərinin dağıdılmasını, eləcə də hərəkət azadlığına yönəlmiş genişməhdudiyyətli qadağaları əhatə etdiyini deyib. O, bir çox fələstinlinin öz evlərində və ya yaxın məhəllələrdə məhbus vəziyyətinə düşdüyünü vurğulayıb.
Qeyd edək ki, keçən həftə İsrailin "BTselem" insan hüquqları təşkilatı xəbərdarlıq etmişdi. Təşkilat İsrailin “etnik təmizləmə” siyasətini Əl-Xəlilə qədər genişləndirdiyini və kütləvi köçürülmə ilə yanaşı genismiqyaslı söküntü planlarının artıq icra olunduğunu bildirmişdi.
Fələstinin "Wafa" rəsmi xəbər agentliyinin məlumatına görə, oktyabrın 23-dən bəri təxminən 3.971 nəfərdən ibarət təxminən 619 fələstinli ailə evlərindən məcburi şəkildə çıxarılıb.
Məsələylə bağlı BMT-nin Baş katibi Antonio Quterreş "X" sosial şəbəkə hesabında etdiyi paylaşımda deyib: "Məskunlaşma əraziləri genişlənir, köçürülmələr fasiləsiz davam edir, fələstinlilər öz torpaqlarından qovulur. Məskunlaşanların zorakılıq əməlləri artır və fələstinli ailələr hücuma məruz qalır. Biz gedərək daha da şiddətli bir mühitlə qarşılaşırıq. Etnik təmizləmə təhlükəsi isə hər zamankından daha böyük bir təhdid yaradır. Fələstin xalqının öz müqəddəratını təyin etmək üzrə qanuni hüquqları təmin edilmədən Yaxın Şərqdə daimi sülhə nail olmaq mümkün deyil".