Şahin Mustafayev: Xəzərin səviyyəsinin aşağı düşməsi məsələsində beş dövlətin sıx əməkdaşlığı əsas şərtdir

Xəzər dənizinin su səviyyəsinin aşağı düşməsi ətraf mühit, biomüxtəliflik, iqtisadi fəaliyyət və regiondakı icmaların dolanışığı üçün narahatlıq məsələsinə çevrilib.

Bunu Beynəlxalq Türk Akademiyasının prezidenti Şahin Mustafayev Bakıda Beynəlxalq təşkilatların 3-cü yüksək səviyyəli görüşü və Bakı Prosesi çərçivəsində nazirlərin 6-cı görüşünün xüsusi birgə sessiyası çərçivəsində "Tərəfdaşlıqdan birgə fəaliyyətə: süni intellekt dövründə mədəniyyətlərarası dialoq naminə qlobal qarşılıqlı fəaliyyətin gücləndirilməsi" adlı müzakirədə deyib.

Onun sözlərinə görə, Xəzəryanı dövlətlər öz aralarında əməkdaşlığı gücləndirilməlidir.

"Bu çağırışın öhdəsindən gəlmək üçün beş Xəzəryanı dövlətin, yəni Azərbaycan, İran, Qazaxıstan, Rusiya və Türkmənistanın sıx əməkdaşlığı əsas şərtdir. Ekoloji çağırışlar elmi biliklərin mübadiləsini, siyasətlərin əlaqələndirilməsini və ümumi təbii irsimizə görə ortaq məsuliyyət hissini tələb edir".

Şahin Mustafayev bildirib ki, Xəzər dənizi əsrlər boyu xalqları, mədəniyyətləri və sivilizasiyaları birləşdirib:

"Biz bu xüsusda ekoloji çağırışlara praktiki cavabları təşviq etməklə yanaşı, qarşılıqlı anlaşmanı gücləndirə bilərik. Xəzər dənizi təkcə coğrafiya və tarix vasitəsilə deyil, həm də onun gələcəyinə görə ortaq məsuliyyəti vasitəsilə Xəzəryanı dövlətləri birləşdirməlidir".