“Cənab Prezident İlham Əliyevin VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumundakı çıxışı zamanı səsləndirdiyi fikirlər Azərbaycanın müstəqil dövlətçilik fəlsəfəsini, suveren qərarvermə hüququnu və beynəlxalq münasibətlərdə prinsipial mövqeyini bir daha nümayiş etdirir. Dövlət başçısının mesajı aydındır: Azərbaycan heç bir xarici siyasi mərkəzin diktəsini qəbul etmir və milli maraqlarını müstəqil şəkildə müəyyənləşdirir”.
Bu sözləri Redaktor.az-a açıqlamasında deputat Aydın Hüseynov bildirdi.
Onun sözlərinə görə, son 35 ilin təcrübəsi göstərir ki, ölkəmiz mürəkkəb geosiyasi şəraitdə öz dövlətçilik institutlarını möhkəmləndirib, iqtisadi potensialını artırıb, güclü ordu qurub və ərazi bütövlüyünü bərpa edib:
“Bu nailiyyətlərin əsasını cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən ardıcıl və müstəqil dövlət siyasəti təşkil edir. Dövlət başçısının Ermənistana qarşı sanksiyaların tətbiq edilməməsi ilə bağlı fikirləri beynəlxalq münasibətlər sistemində ikili standartlar problemini yenidən gündəmə gətirir. Azərbaycan torpaqları uzun illər işğal altında olduğu halda, BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi qətnamələrin tələblərinin yerinə yetirilməsi təmin olunmadı. Bu vəziyyət beynəlxalq hüququn tətbiqində siyasi maraqların və seçici yanaşmaların nə qədər ciddi problemlər yaratdığını nümayiş etdirdi.
Beynəlxalq hüquq ayrı-ayrı dövlətlərin geosiyasi maraqlarına uyğun tətbiq edilən vasitəyə çevrilməməlidir. Suverenlik, ərazi bütövlüyü və dövlətlərin daxili işlərinə qarışmamaq prinsipləri bütün ölkələrə münasibətdə eyni hüquqi qüvvəyə malik olmalıdır. Azərbaycanın üstünlüyü ondadır ki, ölkəmiz öz milli təhlükəsizliyini və strateji qərarlarını xarici siyasi mərkəzlərin iradəsindən asılı vəziyyətə salmayıb. Eyni zamanda, digər dövlətlərin daxili işlərinə müdaxilə etməyərək beynəlxalq münasibətlərdə qarşılıqlı hörmət prinsipini rəhbər tutub”.
Deputat diqqətə çatdırdı ki, Prezident İlham Əliyevin Azərbaycanın qeyri-sabit regionda sabitliyin təminatçısı olması barədə fikirləri də mühüm siyasi məna daşıyır.
"Azərbaycan bu gün enerji təhlükəsizliyi, beynəlxalq nəqliyyat dəhlizləri, iqtisadi əməkdaşlıq və regional sülh təşəbbüsləri vasitəsilə geniş coğrafiyada etibarlı tərəfdaş kimi çıxış edir.
Azərbaycanın beynəlxalq nüfuzunun əsasında kiminsə siyasi himayəsi deyil, öz resurslarına, milli iradəsinə və müstəqil qərarlarına əsaslanan dövlətçilik modeli dayanır. Dövlət başçısının çıxışı həm də xarici tərəfdaşlara ünvanlanan prinsipial mesajdır: Azərbaycan əməkdaşlığa, dialoqa və qarşılıqlı faydalı münasibətlərə açıqdır, lakin təzyiq, diktə və daxili işlərinə müdaxilə cəhdlərini qəbul etməyəcək. Bu gün Azərbaycanın əsas strateji xətti əldə olunmuş tarixi nailiyyətləri qorumaq, suverenliyini daha da möhkəmləndirmək və regionda davamlı sülhə nail olmaqdır. Cənab Prezident İlham Əliyevin qətiyyətli mövqeyi göstərir ki, Azərbaycanla münasibətlər yalnız bərabərhüquqluluq, qarşılıqlı hörmət və milli maraqların nəzərə alınması əsasında inkişaf edə bilər”, - deyə A.Hüseynov yekunlaşdırdı.