Türkiyənin "Köklü Değişim" jurnalının və media qrupunun İstanbul təmsilçisi Məhəmməd Əmin Yıldırımın ardınca bu qurumun daha bir təmsilçinin polisə aparıldığı haqda məlumat yayılıb.
Məhəmməd Əmin Yıldırım Azərbaycanın "arzuolunmaz şəxs" elan etdiyi 31 nəfərdən biridir.
Azərbaycanın Xarici İşlər Nazirliyi Türkiyənin 31 vətəndaşını oktyabrın 21-də "arzuolunmaz şəxs" elan edib. Nazirlik həmin şəxslərin müxtəlif sosial şəbəkələr və internet platformaları vasitəsilə Azərbaycanın suverenliyinə, milli təhlükəsizliyinə, konstitusiya quruluşuna, xalqına və rəhbərliyinə qarşı, hakimiyyətin zorla dəyişdirilməsinə, habelə dini radikalizm zəminində zorakılığa, dini nifrət və düşmənçiliyin qızışdırılmasına yönəlmiş açıqlamalarına görə bu addımı atıb.
Oktyabrın 26-da Məhəmməd Əmin Yıldırım İstanbulda polis bölməsinə aparılıb, dindirilib, izahatı alınandan sonra sərbəst buraxılıb.
Türkiyə mətbuatı Məhəmməd Əmin Yıldırımın Azərbaycanla bağlı paylaşımlarına görə dindirildiyini xəbər verib. Hüquq-mühafizə orqanları hələ ki, məsələyə rəsmi aydınlıq gətirməyib.
Medianews.az bildirir ki, oktyabrın 27-də sosial şəbəkələrin Türkiyə seqmentində "Köklü Değişim" jurnalının və media qrupunun Hatay şəhərindəki təmsilçisi Əhməd Sapanın da evindən polis bölməsinə aparıldığı haqda xəbər yayılıb.
Əhməd Sapanın adı Azərbaycanın "arzuolunmaz şəxs" elan etdiyi 31 nəfərlik siyahıda yoxdur. Lakin sosial media hesablarında onun da Məhəmməd Əmin Yıldırım kimi eyni iş üzrə, yəni Azərbaycanla bağlı paylaşımlarına görə polisə aparıldığı iddia olunur.