Bakı, 27 oktyabr, AZƏRTAC VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində beynəlxalq və regional mədəniyyətlərarası dialoq platformalarını bir araya gətirərək əməkdaşlığı gücləndirmək və birgə fəaliyyət istiqamətlərini müəyyənləşdirmək məqsədilə bu gün ilk dəfə yeni formatda görüş təşkil olunub.AZƏRTAC xəbər verir ki, bunu mədəniyyət nazirinin müavini Fərid Cəfərov deyib.O bildirib ki, Bakı Prosesi qlobal mədəniyyətlərarası dialoq platforması kimi müxtəlif ölkələrin və beynəlxalq təşkilatların səylərinin əlaqələndirilməsinə imkan yaradır.Nazir müavini qeyd edib ki, bu təşəbbüs regional və milli səviyyədə fəaliyyət göstərən bütün mümkün mədəniyyətlərarası dialoq platformaları ilə əməkdaşlığın qurulmasını zəruri edir.Fərid Cəfərov belə görüşün gələcəkdə davamlı əməkdaşlıq platformasının formalaşması və təcrübə mübadiləsinin genişləndirilməsi baxımından tarixi əhəmiyyət daşıdığına inamını ifadə edib.“Bizim müzakirələrin digər istiqaməti VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu başa çatdıqdan sonra əlaqələrin və əməkdaşlığın davam etdirilməsi üçün konkret addımların müəyyənləşdirilməsi olacaq”, - deyə nazir müavini əlavə edib. Müxbir - Pərvanə Qafarova