Fuad Nağıyev: Turizm mədəniyyətlərarası dialoqda əsas amillərdən biridir

Mədəniyyətlərarası qarşılıqlı anlaşmanın möhkəmləndirilməsi, mədəni irsin qorunub saxlanılması və xalqların yaxınlaşmasında turizm mühüm rol oynayır.

Bunu Azərbaycan Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev Bakıda keçirilən VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində bildirib.

Onun sözlərinə görə, 2013-cü ildən bəri turizm mövzusu mədəniyyətlərarası qarşılıqlı anlaşmanın və qlobal əməkdaşlığın möhkəmləndirilməsində bu sahənin potensialını öyrənən beynəlxalq ekspertlərin müzakirələrində mühüm yer tutur.

Agentliyin rəhbəri, həmçinin turizm sektorunun münaqişədən sonrakı dövrdə icmaların bərpasına, sülhün, birliyin və qarşılıqlı hörmətin möhkəmləndirilməsinə necə töhfə verə biləcəyini nümayiş etdirən qabaqcıl təcrübələrin öyrənilməsində "BMT Turizm"lə əməkdaşlığı qeyd edib.

Fuad Nağıyev, həmçinin turizm sahəsində inklüzivliyin, əlçatanlığın və gender bərabərliyinin vacibliyinə diqqət çəkib.

O qeyd edib ki, əlilliyi olan şəxslər səyahət zamanı çətinliklərlə üzləşə bilərlər, qadınlar və yerli icmalar isə turizm sektorunun inkişaf üstünlüklərindən faydalanmaq üçün həmişə bərabər imkanlara malik olmurlar.

Bununla əlaqədar agentliyin sədri turizm xidmətlərinin əlçatanlığının artırılmasının, turizm sahəsində qadınların dəstəklənməsinin və turizm istiqamətlərinin inkişafında yerli icmaların iştirakının genişləndirilməsinin zəruriliyini vurğulayıb.