Bu gün İsraildə parlament seçkiləri keçirilir. Baş nazir Benyamin Netanyahu hakimiyyətdə qalmaq uğrunda ciddi mübarizə aparır. Seçkilərin nəticəsi ölkənin siyasi gələcəyini müəyyənləşdirə, lakin parlamentdə çoxluğun formalaşmaması yeni siyasi böhrana da səbəb ola bilər.
Xarici KİV-ın məlumatına görə, oktyabrın 27-də keçirilən parlament seçkilərində 7,3 milyondan çox seçicinin səs vermək hüququ var. Seçicilər İsrail parlamentinin – Knessetin 120 deputatını müəyyənləşdirəcəklər.
Seçki məntəqələri yerli vaxtla saat 07:00-da açılıb və saat 22:00-da bağlanmalıdır. İsrail Mərkəzi Seçki Komissiyasının məlumatına əsasən, ölkə üzrə 12 018 seçki məntəqəsi və təxminən 18 min seçki qutusu hazırlanıb. Seçkilərin təşkilinə 100 minə yaxın əməkdaş cəlb olunub.
İsrail Mərkəzi Seçki Komissiyası 38 partiya siyahısını təsdiqləyib. Lakin seçkilərdə faktiki olaraq 37 siyahının mübarizə aparacağı gözlənilir. Belə ki, seçkilərə səkkiz gün qalmış, oktyabrın 19-da İsrail ordusunun keçmiş Baş Qərargah rəisi Beni Qantsın rəhbərlik etdiyi “Kaxol-Lavan” partiyası sorğulara əsasən parlament baryerini keçə bilməyəcəyini nəzərə alaraq seçkilərdə iştirak etməmək qərarı verib.
İsraildə hökumət qurmaq üçün Knessetdə ən azı 61 deputatın dəstəyini qazanmaq lazımdır.
Netanyahuya əsas rəqiblər kimlərdir?
Baş nazir Benyamin Netanyahu və onun rəhbərlik etdiyi “Likud” partiyası seçkilərə 2022-ci ildə 64 deputatın dəstəyi ilə qurduqları koalisiyanın tərəfdaşları ilə qatılır.
Bu qüvvələr arasında milli təhlükəsizlik naziri İtamar Ben-Qvirin rəhbərlik etdiyi “Otsma Yehudit”, maliyyə naziri Betsalel Smotriçin təmsil olunduğu “Dini Sionizm – Zehut”, Arye Derinin rəhbərlik etdiyi “Şas” və ultraortodoksal “Birləşmiş Tövrat Yəhudiliyi” partiyası var.
Lakin son illərdə koalisiya daxilində dəfələrlə fikir ayrılıqları yaranıb. Ben-Qvirin partiyası Qəzzada atəşkəsə görə 2025-ci ilin yanvarında koalisiyanı tərk edib, iki ay sonra yenidən geri qayıdıb. “Birləşmiş Tövrat Yəhudiliyi” isə ultraortodoksal yəhudilərin hərbi xidmətə çağırılması məsələsindəki fikir ayrılıqlarına görə 2025-ci ilin iyulunda hökumətdən ayrılıb.
Netanyahunun əsas rəqiblərindən biri İsrail ordusunun keçmiş Baş Qərargah rəisi, mərkəzçi “Yaşar” partiyasının lideri Qadi Eyzenkotdur. O, 2023-cü ilin oktyabrından sonra Netanyahunun hərbi kabinetinə müşahidəçi qismində daxil olsa da, hərbi məsələlərlə bağlı fikir ayrılıqlarına görə 2024-cü ilin iyununda Beni Qantsla birlikdə hökuməti tərk edib.
Digər mühüm siyasi qüvvə keçmiş baş nazir Naftali Bennet və parlament müxalifətinin lideri Yair Lapidin yaratdığı “Birlikdə” alyansıdır. 2021-ci ildə məhz onların rəhbərlik etdiyi sağ, mərkəzçi və sol partiyalardan, eləcə də ərəb Raam partiyasından ibarət koalisiya Netanyahunu hakimiyyətdən uzaqlaşdırmışdı. Həmin hökumət təxminən il yarım fəaliyyət göstərmişdi.
Müxalifətin düşərgəsinə Aviqdor Libermanın rəhbərlik etdiyi dünyəvi millətçi “Bizim Evimiz İsrail” partiyası və Yair Qolanın təmsil olunduğu sol-mərkəzçi “Demokratlar” da daxildir.
Ərəb siyasi qüvvələri – Mənsur Abbasın rəhbərlik etdiyi RAAM və “Birləşmiş Siyahı” isə ayrıca mövqe tutur. Sentyabrda Mərkəzi Seçki Komissiyası onların seçkilərdə iştirakını qadağan etsə də, Ali Məhkəmə bu qərarı ləğv edib.
Netanyahu uzun illərdir İsrail siyasətinin əsas fiqurlarından biridir. Lakin onun hökuməti 2023-cü il oktyabrın 7-də HƏMAS-ın hücumunun qarşısını ala bilməməsinə, Qəzza zolağında aparılan hərbi əməliyyatlara və ölkənin təhlükəsizlik siyasətinə görə ciddi tənqidlərlə üzləşib.
Seçki kampaniyasında milli təhlükəsizlik, hökumətin məsuliyyəti, korrupsiya ittihamları və ölkənin gələcək idarəçilik modeli əsas müzakirə mövzularına çevrilib.
Keçmiş ordu rəhbəri Qadi Eyzenkot isə hakimiyyətin hesabatlılığının artırılmasını və 2023-cü il oktyabrın 7-də baş verən təhlükəsizlik uğursuzluqlarının araşdırılmasını tələb edir.
Seçkilərin nəticəsi nəyi dəyişə bilər?
İsrailin seçki sistemi parlamentdə hökumət qurmaq üçün partiyalar arasında koalisiya razılaşmasını zəruri edir. Buna görə də seçkidə ən çox səs toplayan partiyanın liderinin avtomatik olaraq baş nazir olması təmin edilmir.
Seçki nəticəsində heç bir siyasi blok 61 mandat əldə edə bilməsə, hökumətin formalaşdırılması üçün mürəkkəb danışıqlar aparılacaq. Bu halda Netanyahu vəzifəsini müvəqqəti baş nazir kimi davam etdirə, siyasi qüvvələr arasında razılıq əldə olunmadıqda isə ölkə yenidən seçkilərə gedə bilər.
Fələstin əsilli İsrail vətəndaşlarını təmsil edən ərəb partiyalarının parlamentdə qazanacağı mandatlar da siyasi qüvvələr arasındakı tarazlığa təsir göstərə bilər.
Netanyahu hakimiyyətdən gedə bilər
Ekspertlər deyirlər ki, parlament seçkiləri Baş nazir Benyamin Netanyahunun uzun illər davam edən hakimiyyətinə son qoya bilər. Sorğular müxalifətin üstünlüyünə işarə etsə də, heç bir siyasi düşərgənin parlamentdə hökumət qurmaq üçün tələb olunan çoxluğu əldə edəcəyi dəqiq deyil. Bu isə ölkədə yeni siyasi böhran və növbədənkənar seçkilər ehtimalını gündəmə gətirir.
İsrail tarixində indiyədək heç bir partiya parlamentdə 61 mandat qazanmayıb. Buna görə də ölkədə hökumətlər koalisiya əsasında formalaşdırılır. Prezident parlament fraksiyaları ilə məsləhətləşmələrdən sonra hökuməti qurmaq şansı daha yüksək olan deputata müvafiq mandat verir. Hökumətin formalaşdırılması üçün 28 gün vaxt ayrılır və bu müddət daha 14 gün uzadıla bilər.
İlk cəhd uğursuz olarsa, mandat başqa siyasətçiyə verilə bilər. Sonrakı cəhdlər də nəticəsiz qalarsa, parlament buraxılır və yeni seçkilər təyin edilir. Bununla yanaşı, qanunvericilik azlıq hökumətinin yaradılmasına da imkan verir.