Türkiyədə qaya uçqunu: Ölən və yaralananların sayı artdı

Türkiyənin Nevşehir vilayətinin Göreme qəsəbəsində "pəri bacası" adlanan qaya formasiyasının çökməsi nəticəsində ölənlərin sayı 3-ə, yaralananların sayı isə 5-ə çatıb.

"TRT Haber"in məlumatına görə, hadisə Kapadokyada Göreme Açıq Hava Muzeyinin girişində baş verib.

Türkiyənin ədliyyə naziri Akın Gürlek bildirib ki, hadisə ilə bağlı Nevşehir Respublika Baş Prokurorluğu tərəfindən təxirəsalınmadan istintaqa başlanılıb. İstintaq çərçivəsində bir baş prokuror müavini və iki prokuror vəzifələndirilib.

Nazir qeyd edib ki, ilkin məlumatlara əsasən, dağıntılar altında qalmış ola biləcək digər zərərçəkənlərin müəyyən edilməsi məqsədilə axtarış-xilasetmə işləri əlaqələndirilmiş şəkildə və intensiv davam etdirilir.

Akın Gürlek həlak olanlara Allahdan rəhmət, onların ailələrinə və yaxınlarına səbir və başsağlığı, yaralılara isə şəfa diləyib. O, axtarış-xilasetmə işlərinin tezliklə müsbət nəticələnəcəyinə ümidvar olduğunu bildirib.

xxx

Türkiyənin Nevşehir vilayətinin Göreme qəsəbəsində güclü yağış nəticəsində "pəri bacası" adlanan qaya parçalarının uçması nəticəsində 2 nəfər ölüb, bir nəfər yaralanıb.

"TRT Haber"in məlumatına görə, hadisə Kapadokyada Göreme Açıq Hava Muzeyinin girişində baş verib. Güclü yağışdan sonra "pəri bacası" adlanan qaya formasiyasından qopan iri qaya parçaları insanların olduğu əraziyə düşüb.

Hadisə barədə məlumat daxil olduqdan sonra əraziyə polis, jandarma, Fövqəladə Halların İdarə Olunması Agentliyinin əməkdaşları (AFAD) və təcili tibbi yardım qrupları cəlb olunub.

Aparılan araşdırmalar nəticəsində qaya parçalarının altında qalan 2 nəfərin öldüyü müəyyən edilib. Yaralanan bir nəfər isə xəstəxanaya çatdırılıb.

Nevşehir valisi Hüseyn Kök jurnalistlərə açıqlamasında bildirib ki, hadisə bu gün saat 15:15 radələrində güclü yağışın səbəb olduğu torpaq sürüşməsi nəticəsində baş verib.

Onun sözlərinə görə, hadisə yerində axtarış-xilasetmə işləri davam edir. Dövlət qurumlarının əməkdaşları bütün zəruri texnika və avadanlıqlarla ərazidə fəaliyyət göstərirlər.