Türkiyənin Antalya vilayətinin Kepez rayonunda tikinti sahəsində meydana gələn güclü qasırğa nəticəsində 4 nəfər həyatını itirib, 1 nəfər yaralanıb.
Türkiyə mediasına istinadən, hadisə saat 23 radələrində Kepez rayonunun Fevzi Çakmak məhəlləsində qeydə alınıb.
Axşam saatlarında şəhər mərkəzində güclü yağış və külək müşahidə olunub. Tikinti sahəsində yaranan burulğan fəhlələrin yaşadığı iki konteyneri parçalayıb, qülləli kranın aşmasına səbəb olub.
Hadisə yerinə çoxsaylı təcili tibbi yardım, yanğınsöndürmə, polis və xilasetmə briqadaları cəlb edilib. Dağıntılar altından çıxarılan işçilər xəstəxanaya çatdırılıb. İlkin məlumatlara görə, 4 fəhlə həyatını itirib, 1 nəfər isə yaralanıb.
Hadisə yerinə gələn Antalya valisi Hulusi Şahin axtarış-xilasetmə işlərinin davam etdiyini, digər yaralıların və ölənlərin olub-olmadığının araşdırıldığını bildirib.
Hulusi Şahin bildirib ki, qülləli kran da eyni burulğanın təsiri ilə cənub-şərq istiqamətində aşıb. Lakin kranın altında qalan və ya onun aşması nəticəsində xəsarət alan olmayıb.
Antalya Valiliyinin yaydığı rəsmi açıqlamada da 4 işçinin öldüyü, 1 nəfərin yaralandığı təsdiqlənib. Bildirilib ki, hadisə yerində müvafiq qurumların araşdırmaları və xilasetmə tədbirləri davam etdirilir.