Azərbaycan xarici işlər nazirinin müavini Elnur Məmmədov oktyabrın 26-da Azərbaycanda səfərdə olan UNESCO Baş direktorunun müavini Asa Regner ilə görüşüb.Bu barədə Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Görüşdə Azərbaycanla UNESCO arasında əməkdaşlığın hazırkı vəziyyəti və inkişaf perspektivləri, mədəniyyətlərarası dialoq, təhsil, elm, süni intellekt, mədəni irs, dayanıqlı turizm, “İnsan və Biosfer” Proqramı, eləcə də Afrika ölkələrinə və kiçik ada dövlətlərinə dəstək məsələləri müzakirə olunub.
2013-cü ildə imzalanmış Çərçivə Sazişinin və yaradılmış Azərbaycan-UNESCO Etimad Fondunun əməkdaşlığın inkişafındakı rolu vurğulanıb. Azərbaycanın milli prioritetlərinə uyğun olaraq UNESCO-nun proqram və layihələrinə dəstəyini davam etdirməkdə maraqlı olduğu qeyd edilib.
VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda UNESCO-nun fəal iştirakı məmnunluqla qarşılanıb. Təşkilatın forum çərçivəsində üç panel təşkil etdiyi bildirilib.
Elnur Məmmədov Azərbaycanın 2025–2028-ci illər üçün Süni İntellekt Strategiyası və Rəqəmsal İnkişaf Şurası barədə məlumat verib. Süni intellekt texnologiyalarının ölkənin inkişafı və dövlət xidmətlərinin rəqəmsallaşdırılması istiqamətində tətbiq olunduğu diqqətə çatdırılıb.
Asa Regner forumun yüksək səviyyədə təşkilinə və əməkdaşlığa görə Azərbaycana təşəkkür edib. O, UNESCO üçün prioritet istiqamətlərdən olan Afrika ölkələrinə, gender bərabərliyinə, qızların təhsilinə və kiçik ada dövlətlərinə Azərbaycanın dəstəyini yüksək qiymətləndirib.
Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.