ABŞ-da üç yaşlı Nevada adlı uşağın futbol meydançasında özündən böyük rəqiblərinə üstün gəlməsi qalmaqalla nəticələnib. İddialara görə, balaca futbolçunun oyunundan narazı qalan bəzi valideynlərin etirazından sonra hadisə yerinə polis əməkdaşları çağırılıb.
Bu barədə uşağın atası sosial şəbəkə hesabında paylaşım edib.
Atasının sözlərinə görə, Nevada hər həftə keçirilən oyunlarda rəqiblərinə üstünlük verir, topu uzun müddət nəzarətində saxlayır və digər uşaqların onu dayandırmasına imkan vermirdi. Bu vəziyyət qarşı komandanın bəzi valideynlərinin narazılığına səbəb olub.
“Liqa Nevadaya görə onu yarışdan kənarlaşdırdı, çünki hər həftə heç kim onun ayağından topu ala bilmirdi. Rəqib komandanın bəzi uşaqlarının valideynləri bunu ədalətsiz hesab etdilər. Halbuki onun cəmi üç yaşı var və o özündən iki yaş böyük uşaqlarla oynayır”, – deyə atası bildirib.
Məlumata görə, yaranmış vəziyyət uşaqların iştirak etdiyi “i9 Sports” liqasının rəhbərliyinin müdaxiləsi ilə nəticələnib. Nevada rəqibləri qarşısında üstün oyun nümayiş etdirdiyi və topu tez-tez özündə saxladığı üçün valideynlər arasında mübahisə yaranıb.
Hadisə zamanı uşağın atasından meydançanı tərk etməsi tələb olunub. Onun bu tələbi yerinə yetirməməsindən sonra əraziyə polis çağırıldığı bildirilir. Ailə üzvləri polis əməkdaşları ilə söhbətlərinin görüntülərini də sosial şəbəkələrdə yayımlayıblar.
Nevadanın anası polisə açıqlamasında ailənin adətən münaqişələrdən yayınmaq üçün digər valideynlərdən ayrı dayandığını və oyunları kənardan izlədiyini deyib. Onun sözlərinə görə, bu dəfə isə uşaqların oyununu müzakirə etmək istəyən böyüklər bir yerə toplaşıblar.
Hadisə futbol ictimaiyyətinin də diqqətini çəkib. ABŞ milli komandasının sabiq futbolçusu Eddi Conson baş verənlərə münasibət bildirərək, uşaq idmanında bu cür halların yolverilməz olduğunu vurğulayıb.