Ukraynada pilotsuz uçuş aparatlarının soyuq havadan qorunması üçün qeyri-adi üsula əl atıldığı açıqlanıb. Belə ki, dronların bəzi həssas hissələrinin donmadan qorunması məqsədilə donuz piyindən istifadə edildiyi bildirilir.
Bu barədə Ukraynanın raket və pilotsuz uçuş aparatları istehsalçılarından biri olan "Fire Point" şirkəti sosial şəbəkədə məlumat yayıb.
Şirkətin açıqlamasına görə, təxminən mənfi 20 dərəcə temperaturda soyuq hava dronların kameralarına və kabellərinə təsir göstərə, həmçinin batareyaların daha sürətlə boşalmasına səbəb ola bilər. Bu problemlərin qarşısını almaq üçün həssas komponentlərin üzərinə nazik piy təbəqəsi çəkilməsi təklif olunur.
Şirkət bu üsulun mürəkkəb texniki həllər olmadan soyuğun təsirini azaltmağa kömək etdiyini bildirib.
Qeyd edək ki, "Fire Point" Ukraynanın müdafiə sənayesi sahəsində fəaliyyət göstərən və raketlər, eləcə də pilotsuz uçuş aparatları istehsal edən şirkətlərdən biridir.