Türkiyə Rusiyadan metal idxalını artırır – Alışlar 43% yüksəlib

Türkiyənin metallurgiya zavodları Rusiyadan çuqun alışını artırmağa başlayıb. Oktyabr ayında iki ölkə arasında ümumilikdə 100 min tondan çox xammalın tədarükü üzrə sövdələşmələrə dair məlumatlar yayılıb.

Bu barədə “Kommersant” qəzeti məlumat yayıb.

Türkiyənin metallurgiya bazarı üzrə analitik məlumatlar təqdim edən “SteelOrbis” şirkətinin hesabatına görə, yerli zavodlar əvvəlki aylarda təxirə salınmış alışları kompensasiya etmək və xammal ehtiyatlarını artırmaq üçün Rusiya çuqununa maraq göstərirlər.

Məlumata əsasən, Sankt-Peterburq limanından Türkiyəyə 40 min ton çuqunun hər tonu 415 dollara satılıb. Bu qiymət daşınma xərclərini də əhatə edir. Lakin analitiklər yekun qiymətin daha aşağı ola biləcəyini bildirirlər.

Bundan əlavə, Murmansk limanından 65 min ton çuqunun göndərilməsi planlaşdırılır. Bu partiyanın ən azı bir hissəsi üzrə satış qiyməti hər ton üçün təxminən 400 dollar səviyyəsində olub.

Rusiya artıq Türkiyənin çuqun idxalında dominant mövqeyə malikdir.

Türkiyə Statistika İnstitutunun məlumatlarına görə, 2026-cı ilin avqustunda Rusiyadan çuqun idxalı illik müqayisədə 61% artaraq 118,9 min tona çatıb.

Yanvar-avqust aylarında isə Rusiyadan ümumilikdə 1,59 milyon ton çuqun idxal edilib. Bu, əvvəlki ilin eyni dövründən 42,9% çoxdur.

Beləliklə, Türkiyənin səkkiz aylıq çuqun idxalının 88%-i Rusiyanın payına düşüb. İkinci yerdə 87,5 min tonla Hindistan, üçüncü yerdə isə 83,16 min tonla Ukrayna qərarlaşıb.

Bununla belə, Rusiyadan tədarüklərdə logistika xərcləri artır. Sankt-Peterburq limanından 30 min tonluq partiyanın daşınma qiyməti hər ton üçün 10 dollar yüksələrək 70–75 dollara çatıb.

Hindistanın metallurgiya və xammal bazarları üzrə analitik məlumatlar təqdim edən “BigMint” şirkətinin qiymətləndirməsinə görə, Türkiyədə armatur satışlarının zəifliyi və polad istehsalının azalması çuquna tələbin daha sürətli artmasına mane olur.