“Biz bu məsələni dəfələrlə məqalələrimizdə qaldırmışıq. Amma ETN öz işinə görə cəmiyyət qarşısında məsuliyyət daşımadığına görə, proseslərin təkmilləşdirilməsində maraqlı deyil...”
“Bu suallar ittiham deyil, bunlar dövlət idarəçiliyində hesabatlılığın normal tələbləridir...”
Moderator.az aktuallığını nəzərə alaraq tanınmış təhsil eksperti İlham Əhmədovun Azərbaycanda elm və təhsilin problemləri barədə “TKTA-dakı ciddi pozuntulara görə məsuliyyət yalnız agentliyin üzərinə qoyula bilməz...” başlıqlı növbəti elmi analitik məqaləsini dəyərli oxucuların müzakirəsinə buraxır:
Hesablama Palatasının TKTA apardığı yoxlamalar nətisəsində aşkar edilən ciddi maliyyə pozuntuları, akkreditasiya problemləri və idarəetmə çatışmazlıqları Elm və Təhsil Nazirliyinin nəzarət mexanizmlərinin səmərəliyini sual altına alır. Bəs ETN-nin tabeliyindəki digər agentliklərdə və tabeli qurumlarda yoxlamalar aparılsa, hansı mənzərə üzə çıxar?..
“Hesablama Palatası”nın Təhsildə Keyfiyyət Təminatı Agentliyinin (TKTA) 2023–2025-ci illər üzrə fəaliyyətinə dair auditi təhsil sistemində idarəetmə və hesabatlılıq məsələlərini yenidən gündəmə gətirir. Dövlət vəsaitlərinin təyinatına uyğun istifadə edilməməsi, satınalmalarda rəqabətli mühitin təmin olunmaması, akkreditasiya qrafiklərinin icra edilməməsi və institusional müstəqilliklə bağlı risklər ayrı-ayrı texniki nöqsanlar deyil, bu təhsildəki sistem problemlərin təzahürüdür.
Bu hallar idarəetmə sisteminin necə işlədiyi, risklərin nə vaxt müəyyənləşdirildiyi və onların qarşısının hansı mexanizmlərlə alındığı barədə ciddi suallar yaradır. Bir müddət əvvəl "Hesablama Palatası" regional təhsil idarələrində (RTİ) də çox ciddi maliyyə pozuntuları aşkar etmişdi. Amma ETN buna heç bir reaksiya vermədi. Necə deyərlər, “köhnə hamam, köhnə tas”...
Bu nə idarəetmədir belə? Məsuliyyət zənciri harada qırılıb?..
TKTA-nın Elm və Təhsil Nazirliyinin tabeliyində fəaliyyət göstərməsi məsuliyyət məsələsini yalnız agentliyin rəhbərliyi ilə məhdudlaşdırmır.
Burada iki fərqli məsuliyyət səviyyəsi var: agentliyin konkret qərarlarına və əməliyyatlarına görə məsuliyyət, bir də həmin qərarların qəbul edildiyi idarəetmə mühitinə və nəzarət mexanizmlərinə görə təşkilati məsuliyyət. Nazirliyin hər bir nöqsana görə avtomatik hüquqi məsuliyyət daşıdığını iddia etmirik, lakin tabeliyindəki qurumda sistemli çatışmazlıqlar aşkarlanırsa, nazirliyin öz səlahiyyətləri çərçivəsində nəzarət funksiyalarını necə yerinə yetirdiyi ciddi araşdırılmalıdır. Bu məqamda idarəetmə ilə əlaqəli bəzi ir suallar yaranır:
1.Akkreditasiya qrafiklərinin icra edilməməsi, müqavilələrə nəzarət problemləri və maliyyə idarəetməsindəki çatışmazlıqlar hansı mərhələdə aşkar edilməli idi?
2.Onların müəyyənləşdirilməsi üçün daxili audit, fəaliyyət göstəriciləri və hesabatlılıq mexanizmləri mövcud idimi?
3.Mexanizm mövcud idisə, niyə nəticə verməyib?
Bu suallara cavab verilmədən məsuliyyəti yalnız agentliyin üzərinə qoymaq problemin əsas səbəblərini kölgədə saxlaya bilər.
Maliyyə intizamı nəticəliliklə birlikdə qiymətləndirilməlidir...
“Hesablama Palatası”nın məlumatına görə, satınalmalarda əsasən bir mənbədən satınalma metodunun tətbiqi rəqabətli mühitin formalaşmasını məhdudlaşdırıb, müqavilələrin icrasına nəzarətdəki çatışmazlıqlar isə ödənilmiş vəsaitlə əldə olunmuş nəticə arasında uyğunsuzluqlara yol açıb. Bir mənbədən satınalma özü-özlüyündə qanun pozuntusu deyil, amma bu metodun geniş tətbiqi əsaslandırma, qiymətlərin müqayisəsi və satınalma nəticələrinin yoxlanılması baxımından güclü nəzarət tələb edir.
Əgər dövlət vəsaiti ödənilib, lakin qarşılığında əldə edilən nəticə adekvat şəkildə qiymətləndirilməyibsə, problem artıq yalnız satınalma prosedurunda deyil, idarəetmənin nəticəyönümlülüyündədir. Eyni yanaşma nazirliyin digər qurumlarına da tətbiq olunmalıdır. Ayrılan büdcənin mənimsənilməsi və hesabatda xərclərin göstərilməsi hələ uğurlu idarəetmənin sübutu deyil. Əsas meyar xərclərin hansı nəticəni yaratması, həmin nəticənin necə ölçülməsi və ictimai faydanın nə dərəcədə təmin olunmasıdır.
Keyfiyyətə nəzarət edən qurumun özü necə qiymətləndirilməlidir?..
TKTA-nın əsas funksiyalarından biri təhsil müəssisələrində keyfiyyət təminatına xidmət etməkdir. Lakin auditdə akkreditasiya meyarlarının bütün təhsil pillələrini əhatə etməməsi, qrafiklərin icra edilməməsi, elektron sistemlərin yaradılmaması və bəzi müəssisələrin akkreditasiyasız fəaliyyət göstərməsi ilə bağlı problemlər göstərilir.
Burada təşkilati ziddiyyət yaranır: təhsil müəssisələrindən keyfiyyət standartlarına əməl etməyi tələb edən qurumun öz fəaliyyətində həmin standartların tətbiqi və icrası ilə bağlı çatışmazlıqlar mövcuddursa, keyfiyyət təminatı sisteminin etibarlılığı şübhə yaradır. Üstəlik, auditdə nazirliyin tabelik münasibətləri və Akkreditasiya Şurasının rəhbərliyi ilə bağlı maraqların toqquşması risklərinin qeyd edilməsi müstəqillik məsələsini daha da aktuallaşdırır. Qiymətləndirmə aparan qurumun təşkilati və qərarvermə müstəqilliyi təmin olunmadıqda, onun qərarlarına ictimai və beynəlxalq etimadın gücləndirilməsi çətinləşir. Biz bu məsələni dəfələrlə məqalələrimizdə qaldırmışıq. Amma ETN öz işinə görə cəmiyyət qarşısında məsuliyyət daşımadığına görə, proseslərin təkmilləşdirilməsində maraqlı deyil...
Bu problemin həlli yalnız TKTA-nın daxili prosedurlarının dəyişdirilməsi ilə məhdudlaşmamalıdır. İdarəetmə modelinin özü, səlahiyyət bölgüsü və müstəqil qərarvermə təminatları da nəzərdən keçirilməlidir.
Əslində ETN-nin özünün və agentliklərin fəaliyyətinin təşkili üçün ayrıca keyfiyyət meyarları və onların icra mexanizmləri də yaradılmalıdır. Bu necə ola bilər ki, təhsil büdcəsinin ilbəil artmasına baxmayaraq, təhsilin keyfiyyəti ilbəil zəifləyir? ETN belə səmərəsiz, sistemsiz və xaotik fəaliyyətlə heç vaxt ölkə rəhbərliyinin "Təhsil bir nömrəli prioritet olmalıdır" tapşırığını icra edə bilməyəcək.
Digər qurumlarda audit zərurəti TKTA-da aşkarlanan nöqsanların bu qurumlarda da olduğunu hələ sübut etmir, amma belə risklərin mövcud olub-olmadığını yoxlamaq üçün əsaslar yaradır. Dövlət idarəçiliyində risklərin qiymətləndirilməsi ayrı-ayrı qurumların nüfuzuna və ya rəhbərlik barədə ilkin təsəvvürlərə deyil, yoxlanıla bilən meyarlara əsaslanmalıdır. Bu baxımdan Elm və Təhsil Nazirliyinin mərkəzi aparatında və tabeliyindəki qurumlarda satınalmalar, əməkhaqqı və ştat siyasəti, layihələrə ayrılan vəsaitlər, paylanan qrantların şəffaflığı və səmərəliliyi, informasiya sistemlərinin yaradılması və istismarı, eləcə də faktiki fəaliyyət nəticələri üzrə riskəsaslı auditlərin keçirilməsi məqsədəuyğundur.
Bu yoxlamalar əvvəlcədən pozuntu axtarmaq üçün deyil, dövlət vəsaitlərinin səmərəli istifadəsini və idarəetmə risklərinin vaxtında aşkarlanmasını təmin etmək üçün aparılmalıdır. Əgər pozuntu müəyyən edilərsə, onun hüquqi qiyməti konkret sübutlar əsasında verilməli, məsuliyyət isə qərarvermə və icra zəncirindəki real rol nəzərə alınmaqla müəyyənləşdirilməlidir.
Nazirlik bu sualları cavablandırmalıdır...
Ümumən bu məsələnin ictimai əhəmiyyəti nəzərə alınaraq Elm və Təhsil Nazirliyinin aşağıdakı istiqamətlər üzrə aydın mövqe bildirməsi vacibdir:
- TKTA-nın fəaliyyətində audit zamanı aşkarlanan problemlərdən hansılarını nazirliyin daxili nəzarət
mexanizmləri əvvəlcədən müəyyən etmişdi?
- Müəyyən edilmiş nöqsanların aradan qaldırılması üçün hansı konkret tədbirlər görülüb və onların nəticələri necə qiymətləndirilib?
- Satınalma və müqavilə nəzarətindəki çatışmazlıqların təkrarlanmaması üçün hansı mexanizmlər tətbiq ediləcək?
- Akkreditasiya sisteminin müstəqilliyi və nəticəliliyi hansı institusional dəyişikliklərlə gücləndiriləcək?
- Nazirliyin digər tabeli qurumlarında oxşar risklərin qiymətləndirilməsi üçün müstəqil auditlərin genişləndirilməsi nəzərdə tutulurmu?
Bu suallar ittiham deyil, bunlar dövlət idarəçiliyində hesabatlılığın normal tələbləridir. TKTA-nın auditi təhsil sistemində problemlərin yalnız ayrı-ayrı qurumların fəaliyyəti səviyyəsində deyil, idarəetmə və nəzarət mexanizmləri səviyyəsində də təhlil edilməli olduğunu göstərir. Agentliyin rəhbərliyi öz qərarlarına görə məsuliyyət daşıdığı kimi, nazirliyin də tabeliyindəki qurumların fəaliyyətinə dair nəzarət modelinin effektivliyi qiymətləndirilməlidir. Əgər nazirlik təhsil sisteminin nəticələrinə görə idarəetmə məsuliyyəti daşıyırsa, həmin nəticələrə təsir edən sistemli nöqsanların səbəbləri barədə də hesabat verməlidir.
Bu, bütün pozuntulara görə nazirliyi əvvəlcədən təqsirkar elan etmək deyil, təşkilati məsuliyyətin faktlar əsasında müəyyənləşdirilməsini tələb etməkdir. TKTA ilə bağlı auditin əsl sınağı hesabatın göndərilməsi ilə deyil, aşkarlanmış nöqsanların aradan qaldırılması, məsuliyyətin aydınlaşdırılması və təkrar risklərin qarşısının alınması ilə müəyyən edilməlidir.
Daha geniş auditlər isə nazirliyin digər qurumlarında da eyni standartların tətbiq olunub-olunmadığını üzə çıxara bilər. Təhsildə keyfiyyət tələb etmək üçün əvvəlcə idarəetmənin özündə səriştəlik, səmərəlik, keyfiyyət, şəffaflıq və hesabatlılıq təmin edilməlidir...