ABŞ-nin Oreqon ştatının Nyuport şəhərindəki "Pacific Seafood" dəniz məhsulları istehsalı zavodunda ammonyak çənində partlayış baş verib.
KLCC-yə istinadən, hadisə nəticəsində binanın damı qismən çöküb və zəhərli ammonyak sızması təhlükəsi yaranıb.
Rəsmilər zavodun təxminən 1,6 km radiusunda olan sakinlərin və müəssisə əməkdaşlarının təxliyəsini elan ediblər.
Yanğın bazar günü başlayıb. Yanğın barədə məlumat yerli vaxtla 08:51-də daxil olub. Söndürmə işlərinə 40-a yaxın yanğınsöndürən və təhlükəli maddələrlə iş üzrə mütəxəssis cəlb edilib. Polis şəhərin sahilyanı hissəsinə girişləri bağlayıb.
Nəşrin məlumatına görə, tüstü və qoxu bütün Nyuport boyu yayılıb. Vəziyyətin pisləşməsi səbəbindən təxliyə mərkəzi Sem Keys ibtidai məktəbindən lüteran kilsəsinə köçürülüb.
Bundan başqa, təxliyə Nyuport limanının obyektlərini, Yakina körfəzinin cənub sahilindəki düşərgəni və yaxta limanını da əhatə edib.
Rəsmilər həmçinin Hetfild Dəniz Elmi Mərkəzini və şəhər sahilindən şimala doğru bir sıra müəssisələri bağlayıblar.