Bundesliqa təmsilçisi Frankfurt ''Ayntraxt''ının baş məşqçisi Adi Hütter bu komandanın və Türkiyə yığmasının üzvü Can Uzunu tənqid edib.
Dortmund ''Borussiya''sı ilə oyunöncəsi mətbuat konfransında istedadlı futbolçu barədə diqqətçəkən ifadələr işlədən təcrübəli avstriyalı mütəxəssis bunları deyib:
''Futbolda fərdi bacarıq da təbii ki, önəmlidi. Amma futbol ilk növbədə komanda oyunudu. Can Uzun bunu anlamalıdı. Bunu nə qədər tez anlasa, bir o qədər uğurlu karyeraya sahib olacaq. Çünki böyük istedada malikdi. Əks təqdirdə özünün ən böyük düşməninə çevriləcək. Ondan daha sabit performans gözləyirəm. Həm həftəboyu məşqlərdə, həm də oyunlarda sahib olduğu istedadı göstərməsini istəyirəm''.
Maraqlıdı ki, Can Uzun ötən mövsümün gedişində frankfurtluların həmin dönəmdəki çalışdırıcısı Albert Riera ilə də problem yaşamışdı. İspaniyalı mütəxəssis də Can Uzun haqda bənzər tənqidi fikirlər səsləndirərək ''topla nə qədər yaxşı rəftar etsən də, topsuz oyunda yetərli deyilsənsə, mənim komandamda sənə yer yoxdu'' açıqlamasını vermiş və onu bir neçə matçda ehtiyatda saxlamışdı. O dönəmdə Can Uzunun ''Ayntraxt''dan ayrılmaq istədiyi bildirilsə də, yay transfer dönəmində ''Qalatasaray''ın bütün cəhdlərinə baxmayaraq klublar maddi məsələlərdə anlaşa bilməmişdilər.
Son mundialda Türkiyənin heyətində yer alan 20 yaşlı Can Uzun bu mövsüm ''Ayntraxt''da 6 rəsmi oyunda forma geyərək aktivinə 4 qol, 3 məhsuldar ötürmə yazıb.