Azərbaycanda alma bağları 3 min hektardan çox azalıb – İstehsal isə sabit qalıb

Azərbaycanda alma bağlarının sahəsi son illərdə azalmağa davam edir. Bununla belə, 2025-ci ildə bağların ümumi sahəsində ciddi azalma qeydə alınmasına baxmayaraq, alma istehsalının həcmi əvvəlki ilin səviyyəsində qalıb.

Banker.az saytının verdiyi məlumata görə, 2025-ci ildə Azərbaycanda alma bağlarının ümumi sahəsi 23,2 min hektar təşkil edib. Bu, 2024-cü ildəki 26,3 min hektarla müqayisədə 3,1 min hektar və ya 11,8 faiz azdır. Daha uzunmüddətli müqayisəyə əsasən, 2021-ci ildə ölkədə 31,4 min hektar alma bağı mövcud idi. Beləliklə, dörd il ərzində alma bağlarının sahəsi 8,2 min hektar kiçilib.

Bağların sahəsi azalsa da, istehsal həcmi sabit qalıb. Hesabat ilində ölkədə 293,3 min ton alma istehsal edilib ki, bu da 2024-cü ilin göstəricisi ilə eynidir. Bu nəticə bağların ümumi sahəsindəki azalmanın həmin il istehsal həcminin eyni nisbətdə aşağı düşməsinə səbəb olmadığını göstərir.

Digər tərəfdən, meyvəçiliyin bəzi istiqamətlərində əks tendensiya müşahidə olunub. Şaftalı, gilas, ərik və badam bağlarının sahələri genişləndiyi halda, alma bağlarının azalması ölkədə meyvə əkmələrinin strukturunda dəyişiklik baş verdiyini göstərir.