Urmiya gölünün su səviyyəsindəki azalma tendensiyası dayanıb.
ISNA-ya istinadən, bu barədə İranın Şərqi Azərbaycan vilayətinin Regional Su Şirkətinin su ehtiyatları üzrə baza tədqiqatları şöbəsindən bildirilib.
"Urmiya gölünün su səviyyəsinin düşməsinin dayanması hidroloji baxımdan diqqətəlayiq bir hadisədir", - şöbədən vurğulanıb.
Əlavə olunub ki, bu vəziyyət gölün son yağıntılara verdiyi müsbət reaksiyanın əlaməti ola bilər:
"Su səviyyəsinin azalma tendensiyasının dayanması Urmiya gölünün vəziyyətində müsbət bir göstərici hesab olunur".
Xatırladaq ki, Urmiya gölü son 30 ildə su həcminin 90%-dən çoxunu itirərək kəskin quruma riski ilə üzləşib. 2025-ci ilin sonlarında demək olar ki, tamamilə duzlağa çevrilən və yox olmaq təhlükəsi yaşayan göl 2026-cı ilin yaz-yayında regiona düşən rekord yağıntılar, həmçinin bəndlərdən suyun buraxılması sayəsində yenidən canlanıb. İyunun 20-də göldə suyun həcminin 18 dəfə artdığı açıqlanıb.