Rosberq Antonellini Şumaherlə müqayisə etdi

2016-cı ilin dünya çempionu Niko Rosberq bildirib ki, “Mersedes”in pilotu Kimi Antonelli cari mövsümdəki inamlı və sabit çıxışına görə Mihael Şumaherlə müqayisə oluna bilər:

“Maks Ferstappen hələ də “Formula-1”də ən yaxşı pilotdu. Ancaq biz Kimi Antonellidən fenomenal nəticələr gözləmirdik. İstənilən ekspertdən soruşa bilərsiz, heç mən də gözləmirdim. Onun çox sürətli olduğunu bilirdim, axı hələ kartinq dönəmindən tanışıq. Ancaq çətinlik çəkdiyi ötən mövsümün ardından cari mövsümdə bu dərəcədə parlaq çıxış edəcəyini heç kim gözləmirdi. Bu, dünyada ən yaxşıların, Mihael Şumaherin səviyyəsidi”.

Cari mövsümdə 8 mərhələnin qalibi olan Antonelli ən yaxın izləyicisi Corc Rasselli 102 xal qabaqlamaqla liderdi. İtaliyalı pilot artıq həftəsonu keçiriləcək Ostin mərhələsində çempionluğu təmin edə bilər. Rasseldən sonrakı pillələrdə Lüis Hemilton (229), Ferstappen (221) və Şarl Lekler (215) qərarlaşıb.

Mühəndislər kubokunda lider “Mersedes”di – 578 xal. “Ferrari” liderdən 134 xal geri qalır.