96 yaşlı amerikalı qadın "TikTok" ulduzu oldu - VİDEO

ABŞ-də yaşayan 96 yaşlı Lillian Droniak "TikTok" platformasında 15 milyon izləyici toplayaraq məşhurlaşıb. Təqaüdçü qadın gündəlik həyatı, görüşləri və rəfiqələri ilə əyləncələri barədə videolar paylaşır, münasibətlərlə bağlı məsləhətlər verir. Onun sosial şəbəkədəki populyarlığı Konnektikut ştatındakı qocalar evində aylıq 10 min dollardan çox olan yaşayış xərcini özü ödəməsinə imkan yaradır.

Oxu.az-a istinadən, bu barədə "Bild" nəşri yazıb.

Bu yaxınlarda Droniak rəfiqələri ilə keçirdiyi səs-küylü əyləncələrə görə qocalar evindən çıxarılmaqla hədələnib. Təqaüdçü qadın isə buna "Heç kim mənə əylənməyi qadağan edə bilməz", - deyə cavab verib. Nəticədə müəssisənin rəhbərliyi ilə razılıq əldə olunub: əyləncələrə icazə verilsə də, otaqda spirtli içkilərdən istifadə qadağan edilib.

BBC-nin məlumatına görə, Droniak kosmetika istehsalçıları da daxil olmaqla, iri şirkətlərlə bağladığı reklam müqavilələrindən gəlir əldə edir. Qazancının bir hissəsini isə nəvəsinin təhsili üçün kənara qoyur. Videoların çəkilişində və montajında ona bəzən nəvəsi kömək edir, lakin video ideyalarını özü düşünür.

"Uğur qazanmaq üçün lazım olan hər şeyə sahib olduğumu həmişə bilirdim. Sadəcə, bunun 90 yaşımdan sonra baş verəcəyini düşünmürdüm", - deyə Droniak bildirib.