Məşhur futbolçu Teo Hernandezin həyat yoldaşı, italiyalı sosial media fenomeni Zoe Kristofoli Avropada baş verən zorakılıq və soyğunçuluq hallarına sərt münasibət bildirib.
Səudiyyə Ərəbistanının “Əl-Hilal” klubunda çıxış edən Teo Hernandezin həyat yoldaşı Milanda baş verən soyğunçuluq görüntülərini şərh edərkən cinayətkarlara qarşı daha sərt tədbirlərin görülməsinə çağırıb.
Kristofoli Səudiyyə Ərəbistanında oğurluğa görə tətbiq edilən cəzaları nümunə göstərərək əvvəlcə bu cür tədbirləri həddindən artıq sərt hesab etdiyini, lakin son hadisələrdən sonra fikrinin dəyişdiyini bildirib.
Onun sözlərinə görə, zorakılıq törədən şəxslərə qarşı güzəşt edilməməlidir. "Səudiyyə Ərəbistanında oğurluq etsən, əllərini kəsirlər! Əvvəlcə düşünürdüm ki, “Bu çoxdur?” İndi düşünürəm ki, bu cür heyvanları sakitləşdirmək üçün başqa seçim yoxdur. Bəhanə yoxdur, sadəcə onları məhv etmək lazımdır!", - o qeyd edib.
Onun bu açıqlaması sosial şəbəkələrdə müzakirələrə səbəb olub.
Tənqidlərdən sonra Kristofoli növbəti açıqlamasında irqçilikdə ittiham edilməsini rədd edib. O bildirib ki, İtaliya, Fransa və digər Avropa ölkələrində baş verən zorakılıq və iğtişaşların səbəbləri açıq şəkildə müzakirə olunmalıdır.
“Baş verən hadisələr qarşısında özümüzə sual verməyə cəsarət etməliyik: Niyə bu həddə gəlib çatdıq? Səhv nədədir? İllər ərzində nəyi nəzərə almadıq? Bəzi vəziyyətləri idarə etmək niyə bu qədər çətinləşib? Bu sualları vermək irqçi olmaq demək deyil”, – deyə o vurğulayıb.
Kristofoli əlavə edib ki, zorakılığın səbəblərini anlamaq və problemin böyüməsinin qarşısını almaq vacibdir. O, zorakılığın heç bir halda qəbul edilə bilməyəcəyini bildirib.