Oktyabrın 23-də Rumıniyanın Konstanta limanından 13 dəniz mili məsafədə göyərtəsində Azərbaycan vətəndaşlarının olduğu "KHORYV" adlı xarici yük gəmisi dron hücumuna məruz qalıb.
Bu barədə Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə Rumıniya sahilləri yaxınlığında göyərtəsində Azərbaycan vətəndaşlarının olduğu gəminin vurulmasına münasibət bildirərkən deyib.
"Aldığımız məlumata əsasən, 13 nəfərdən ibarət gəmi heyətində olan 3 nəfər vətəndaşımızın hamısı xilas edilib, onlardan yüngül xəsarət alan 1992-ci il təvəllüdlü Rüfən Xalıq oğlu Əhmədov tibbi müayinədən keçib və mehmanxanaya yerləşdirilib.
Məsələ ilə bağlı ölkəmizin Rumıniyadakı Səfirliyi və aidiyyəti səlahiyyətli qurumlar ilə birgə koordinasiya işləri aparılır. Vətəndaşlarımıza konsulluq dəstəyinin göstərilməsi istiqamətində zəruri tədbirlər görülür", - deyə o bildirib.
"Bir daha, Azərbaycan vətəndaşlarını hərbi əməliyyatların getdiyi və təhlükəsizlik vəziyyətinin qeyri-sabit olduğu bölgələrə səfər etməkdən, bu ərazilərdə, habelə riskli marşrutlar üzrə hərəkət edən nəqliyyat vasitələrində, xüsusilə Qara dəniz və Azov dənizi akvatoriyalarında gəmilərdə əmək fəaliyyəti ilə məşğul olmaqdan çəkinməyə çağırırıq", - deyə Ayxan Hacızadə qeyd edib.
Xatırladaq ki, Qara dənizin Rumıniya sahillərində ticarət gəmisi batıb. Məlumata görə, saat 10:00-da Rumıniya Hərbi Dəniz Qüvvələrinə fəlakət siqnalı daxil olub. Gəmidə ümumilikdə 13 nəfər – 10 Ukrayna və 3 Azərbaycan vətəndaşı olub.