“Hələ də onunla dərdləşirəm, məzar üstündə dediyim sözlər ürəyimdə qalsın”…

“Arif müəllimin tələbələrindən, sənət yoldaşlarından, tamaşaçılardan çox razıyıq. Onlar bir an olsun belə onu yaddan çıxarmırlar. Arifin dünyadan köçməyi mənə çox pis təsir etdi. Həqiqi sözümdür.. Ondan sonra xəstəlik tapdım. Biz çox xoşbəxt ailə olmuşuq. Daim Arif müəllim mənə, övladlarına dəstək olub, deyib-gülüb, zarafat edib. Onun yeri çox görünür. 2 həftədən bir məzarı üstünə gedirəm. Getməyəndə narahat oluram. Elə bilirəm ki, həyatımda nəsə çatışmır. Gedəndə 1-2 gün rahat oluram. Onunla dərdləşirəm. Məzar üstündə ona dediyim sözlər qoy mənim ürəyimdə qalsın” Bunu Medianews.az-a açıqlamasında Xalq artisti, mərhum sənətkar Arif Babayevin ömür-gün yoldaşı Gültəkin Babayeva deyib.

Gültəkin xanım deyir ki, sənətkarın 1-ci Fəxri Xiyabanda ucaldılan qəbirüstü abidəsindəki “Şərqdə ilk muğam professoru” ifadəsi ictimaiyyətdə və sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub. O bildirib ki, insanlar bu haqda məlumatlı olmadan mövzunu müzakirəyə çıxarıblar:

“Bu sözün abidəyə yazılmasını oğlum Yaşar istədi. Bu həqiqətən də dəlilli-sübutlu bir faktdır. Özümüzdən demirik. Bir savadlı insan çıxıb bunu elmi yolla izah etdi. Söz-söhbət edən insanlar da sonradan sakitləşdilər. Bildilər ki, bu həqiqətən də belə olub. Biz ümumiyyətlə səs-küydən, belə müzakirələrdən uzağıq. Arif müəllim də insanlara həmişə yaxşılıq etmək istəyib. Görün nə qədər gəncləri səhnəyə gətirib?! Artıq onun tələbələrinin tələbələri var. Onları görəndə şad oluruq. Sənət inkişaf etməlidir də”.

Əli Əsgər,