Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 2026-cı ilin yanvar-avqust aylarında 26 485 nikah və 13 278 boşanma halı qeydə alınıb.
Dövlət Statistika Komitəsinin məlumatına görə, 2025-ci ilin eyni dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə düşən nikahların sayı 4,6-dan 3,9-a, boşanmaların sayı isə 2,0-dan 1,9-a enib. Qeydə alınan nikahların sayı boşanmaların sayından 13 207 fakt çox olub.
Bəs görəsən, qanunvericilikdə boşandıqdan sonrsa aliment ödəməyən valideynlərlə bağlı hansı tədbirlər nəzərdə tutulub? Rəsmi nikahın olmaması aliment verməməyə əsasdırmı? Valideynlikdən məhrum edilən şəxs aliment ödəməyə bilər?
Hüquqşünas Şamil Paşayev Lent.az-a açıqlamasında bildirib ki, aliment ödəməkdən yayınan valideynlər valideynlik hüququndan məhrum edilməsi halı ilə üzləşə bilərlər:
“Nəzərə almaq lazımdır ki, aliment ödəməkdən yayınanlara İnzibati Xətalar Məcəlləsinin tələblərini pozmağa görə cərimə və yaxud inzibati həbs tənbeh tədbiri tətbiq oluna bilər.
Daha sonra məhkəmə qərarını icra etməməyə görə şəxs barəsində Cinayət Məcəlləsinin 306-cı maddəsinin tələblərinə əsasən cinayət məsuliyyəti tədbiri tətbiq oluna bilər. Rəsmi nikah olsa da, olmasa da, uşağa ödənilən aliment birmənalı şəkildə ödənilməlidir. Bunun şəxsin nikahda olub-olmamasına aidiyyəti yoxdur.
Şəxs ümumiyyətlə nikahda olmadan da aliment ala bilər, nikah pozulmadan da aliment ala bilər. Yaxud da nikahda olduğu müddətdə də aliment ala bilər. Aliment uşağa ödənilən pul kimi nəzərdə tutulduğu hallarda.
Rəsmi nikahı olmadan bir vətəndaş nikahında birlikdə yaşayan şəxslərlə rəsmi nikahı olan şəxslər arasında hüquq və azadlıqları ilə bağlı fərqlər var.
Çünki qanunvericiliyin tələblərinə əsasən ər-arvadın hüquqları bərabərdir. Ər-arvadın hüquqlarının bərabər olmasını müəyyən edən şərt isə onların rəsmi nikaha daxil olmasıdır.
Əgər rəsmi nikahları varsa, uşağa münasibətdə, əmlaka münasibətdə, bankda yığılan pullara münasibətdə və sair məsələlərdə bunların hüquqları bərabərdir. Məhkəmə qaydasında boşanma olduqda onlar, nikah müqaviləsi yoxdursa, əmlakı yarı-yarıya bölə bilərlər.
Amma şəxslər sadəcə vətəndaş nikahında yaşayırsa, belə olan halda hər birinin əmlakı ancaq özünə aid olacaq.
Uşaqlara münasibətdə isə onların ər-arvad olub-olmamasından asılı olmayaraq, atalıq və analıq hüquqları eynilik təşkil edəcək, bərabər təşkil edəcək”.
Hüquqşünas qeyd edib ki, atalıqdan məhrumetmə və ya övlada münasibətdə ləyaqətsiz vərəsə olmaq şəxsi vəzifələrindən azad etmir:
“Keçmiş övlad və yaxud keçmiş ata-ana olmur. Bunlar bizim bioloji olaraq bir-birimizə bağlı olduğumuz insanlardır. Biz bunlardan heç zaman, istəsək də, canımızı qurtara bilməyəcəyik. Yəni hər hansı bir atanın övladından imtina etməsi və yaxud övladın atadan imtina etməsi onların bir-birindən imtina etmiş kimi qəbul olunmur.
Atalıqdan məhrumetmə ola bilər və yaxud övlada münasibətdə ləyaqətsiz vərəsə ola bilər. Bunlar da şəxsi vəzifələrindən azad etmir.
Məsələn, ata aliment ödəməlidirsə, atalıq hüququndan məhrum edilibsə də, yenə də aliment ödəməlidir. Yaxud uşaq atasına baxmalıdırsa, yenə də uşaq atasına baxmalıdır. Bu, onu vəzifəsindən azad eləmir.
Ancaq hüquqlarından məhrum eləyə bilər. Yəni nəzərə almalıdırlar ki, övladın və yaxud da atanın, ananın keçmişi olmur. Onlardan hüquqi cəhətdən tam olaraq imtina etmək mümkün deyil”.
Yazı Azərbaycan Respublikası Media və Yayım Şurasının maliyyə dəstəyi ilə “gender, ailə və demoqrafiya məsələlərinin işıqlandırılması” mövzusunda dərc olunub.