" Azərbaycan hər zaman xarici siyasətində konstruktiv dialoqa, qarşılıqlı hörmətə və səmərəli əməkdaşlığa açıq bir ölkə olub. Bu kontekstdə Azərbaycan ilə Hindistan Respublikası arasındakı ikitərəfli münasibətlər xüsusi əhəmiyyət kəsb edir".
Bunu açıqlamasında Milli Məclisin deputatı Məlahət İbrahimqızı deyib.
Onun sözlərinə görə, Prezident İlham Əliyevin Hindistan xarici işlər naziri Subrahmanyam Cayşankarı qəbul etməsi iki ölkə arasındakı münasibətlərdə mühüm bir mərhələ kimi qiymətləndirilir. "Bu yüksəksəviyyəli görüş Azərbaycan-Hindistan əlaqələrində pozitiv dəyişikliklərin, qarşılıqlı anlayışın və müsbətə doğru dinamik irəliləyişin bariz göstəricisidir", - o vurğulayıb.
Deputat bildirib ki, müasir dövrdə Azərbaycan və Hindistanı yalnız tarixi bağlar deyil, həm də strateji iqtisadi layihələr birləşdirir: "Hindistan Azərbaycanın neft-qaz layihələrində yaxından iştirak edir və Azərbaycan neftinin əsas alıcılarından biridir.
İqtisadi sahədəki əməkdaşlığın miqyası getdikcə genişlənir. Son keçirilən İnvestisiya Forumunda Azərbaycana 125 milyon dollar həcmində sərmayə yatıran şirkətlərdən birinin məhz Hindistana məxsus olması iki ölkə arasındakı iqtisadi etimadın və investisiya cəlbediciliyinin əyani sübutudur".
M. İbrahimqızı əlavə edib ki, Azərbaycan və Hindistan qlobal miqyaslı təşəbbüslərdə, o cümlədən Qlobal Cənub çərçivəsində tərəfdaşlıq edirlər: "Qlobal nəqliyyat və dəhliz layihələri iki ölkənin regional və beynəlxalq inteqrasiyasına xidmət edir.
Bundan əlavə, Hindistan hazırda texnologiyalar, rəqəmsal infrastrukturların qurulması və innovasiyalar sahəsində dünyada aparıcı mövqelərdən birini tutur. Azərbaycanın rəqəmsallaşma və yüksək texnologiyalar sahəsindəki prioritetləri Hindistanın bu təcrübəsindən faydalanmaq üçün geniş imkanlar açır.
Digər sürətlə inkişaf edən istiqamət isə turizm sektorudur. Son illərdə Hindistandan Azərbaycana gələn turistlərin sayında əhəmiyyətli artım müşahidə olunur. İki ölkə arasında birbaşa uçuşların və vizasız/asanlaşdırılmış viza rejiminin tətbiqi turizm potensialını daha da artırır. Qarşıdan gələn dövrdə turizm sektorunun ikitərəfli münasibətlərin ən hərəkətverici qüvvələrindən birinə çevriləcəyi gözlənilir".
Deputat sonda onu da qeyd edib ki, Hindistan müasir dünya arenasının ən vacib və sürətlə böyüyən güclərindən biridir. "Azərbaycan ilə Hindistan arasında ikitərəfli münasibətlərin hərtərəfli inkişafı, praqmatik dialoqun saxlanılması və potensial imkanlardan səmərəli istifadə olunması hər iki dövlətin milli maraqlarına tam cavab verir. Prezident İlham Əliyevin qəbulu ilə sürətlənən bu dialoq gələcəkdə daha geniş tərəfdaşlığın təməlini qoyur",- o vurğulayıb.