Möhtərəm cənab Prezident!

Mən Yeni Azərbaycan Partiyasının 85 yaşlı veteran üzvü olaraq partiyamızın keçdiyi şərəfli tarixi yolu öz həyatımda görmüş, Ulu Öndər Heydər Əliyevin ideyalarına daim sadiq qalmışam.

Ulu Öndər Heydər Əliyev xalqımızı parçalanmaq təhlükəsindən, dövlətçiliyimizi məhv olmaqdan xilas edərək müstəqil Azərbaycan dövlətinin möhkəm təməllərini yaratdı. Siz isə Ümummilli Liderin siyasi kursunu uğurla davam etdirərək, ata vəsiyyətini layiqincə yerinə yetirdiniz, doğma torpaqlarımızı işğaldan azad edərək xalqımıza tarixi Zəfər sevinci yaşatdınız. Bu gün azad edilmiş torpaqlarımızda aparılan genişmiqyaslı quruculuq işləri, doğma yurdlarına qayıdan insanların sevinci hər birimizdə böyük qürur hissi doğurur.

Yeni Azərbaycan Partiyasının VIII Qurultayında etdiyiniz tarixi və proqram xarakterli çıxışınız biz veteran partiya üzvlərinin üzərinə mühüm vəzifələr qoyur. İnanıram ki, Ulu Öndərin ideyalarının yaşadılması, gənclərin milli-mənəvi dəyərlər, dövlətçilik tarixi və siyasi ideologiya ruhunda maarifləndirilməsi hər birimizin məsuliyyətli vəzifəsidir.

Mən həm də Azərbaycan Yazıçılar Birliyinin üzvü kimi, iştirak etdiyim görüşlərdə və müxtəlif tədbirlərdə Ulu Öndər Heydər Əliyevin zəngin siyasi irsini, onun ideyalarının müasir dövrdəki əhəmiyyətini, eləcə də Sizin rəhbərliyinizlə həyata keçirilən uğurlu daxili və xarici siyasətin mahiyyətini təbliğ etməyə çalışıram. Əminəm ki, tariximizi, milli dövlətçilik ənənələrimizi və Zəfərimizin əsl mahiyyətini gənc nəslə çatdırmaq hər bir ziyalının vətəndaşlıq borcudur.

Möhtərəm cənab Prezident, xalqımızın rifahı, dövlətimizin qüdrətlənməsi və Azərbaycanın gələcək uğurları naminə həyata keçirdiyiniz fəaliyyətinizdə Sizə möhkəm cansağlığı, uzun ömür və yeni nailiyyətlər arzulayıram.

Uca Allah Sizi, ailənizi və doğmalarınızı qorusun, dövlətimizi və xalqımızı daim əmin-amanlıq içində yaşatsın!

Dərin hörmət və ehtiramla,

İsayev Eldar, Azərbaycan Yazıçılar Birliyinin üzvü.

Azərbaycan Respublikası, Kəlbəcər rayonu.