"Mobil nömrənin istifadədən çıxarılması həmin nömrə ilə əlaqəli rəqəmsal hesablar üçün təhlükəsizlik məsələsini də gündəmə gətirir. Nömrənin sonradan başqa şəxsə verilməsi əvvəlki istifadəçinin bank əməliyyatları, elektron poçtu və sosial şəbəkə hesabları ilə bağlı risklər yarada bilər. Buna görə də nömrələrin yenidən istifadəyə verilməsi zamanı əlavə qoruyucu tədbirlərin görülməsi zəruridir".
Bu məsələni Milli Məclisin plenar iclasında deputat Razi Nurullayev gündəmə gətirib.
Deputat mobil nömrələrin təkrar dövriyyəyə buraxılması zamanı yarana biləcək təhlükəsizlik risklərinə diqqət çəkərək bildirib ki, vətəndaşlar bir çox rəqəmsal hesablarının təhlükəsizliyini mobil nömrə vasitəsilə təmin edirlər:
"Hesaba girişin təsdiqlənməsi, şifrənin bərpası və istifadəçinin şəxsiyyətinin yoxlanılması zamanı nömrədən yararlanılır. Lakin nömrənin əvvəlki sahibi ondan istifadə etməyi dayandırsa da, həmin nömrə ilə əlaqəli hesablarında dəyişiklik etməzsə, nömrə yeni abonentə verildikdən sonra məxfilik və təhlükəsizlik problemləri yarana bilər.
Belə hallarda yeni istifadəçinin əvvəlki abonentə ünvanlanan mesajları alması və bəzi hesabların bərpası imkanları ilə qarşılaşması riski mövcuddur. Bu problemin qarşısını almaq üçün mobil nömrələrin təkrar istifadəsi qaydalarına təhlükəsizlik tələbləri daxil edilməlidir.
Nömrə başqa abonentə təqdim olunmazdan əvvəl müəyyən müddət gözləmə rejimində saxlanıla bilər. Həmçinin bank hesabları və digər həssas elektron xidmətlərlə əlaqəli nömrələrin yeni istifadəçiyə verilməsi zamanı əlavə müdafiə mexanizmlərinin tətbiqi nəzərdən keçirilməlidir".
Deputat digər vacib məsələnin xidmət təminatçıları arasında əlaqələndirmə olduğunu bildirib:
"Mobil operatorlar, banklar, elektron xidmətlər və sosial şəbəkələr nömrə dəyişikliklərinin istifadəçi hesabları üçün yaratdığı risklərin azaldılması istiqamətində daha səmərəli mexanizmlər formalaşdırmalıdırlar.
Bununla yanaşı, vətəndaşların məsuliyyətinə də diqqət çəkilib. İstifadəçi mobil nömrəsini dəyişdikdə və ya ondan imtina etdikdə həmin nömrə ilə bağlı bütün hesablarında əlaqə məlumatlarını yeniləməlidir.
Əhalinin nömrələrin sonradan başqa şəxslərə verilə biləcəyi barədə məlumatlandırılması da risklərin qarşısının alınmasında mühüm əhəmiyyət daşıyır.
Rəqəmsal xidmətlərin genişlənməsi informasiya təhlükəsizliyi sahəsində qaydaların da müasir tələblərə uyğunlaşdırılmasını tələb edir.
Mobil nömrələrin təkrar istifadəsi zamanı əsas məqsəd yalnız nömrə resurslarının dövriyyəsini təmin etmək deyil, həm də vətəndaşların şəxsi məlumatlarını, elektron hesablarını və rəqəmsal təhlükəsizliyini qorumaq olmalıdır".
Pərvin Şakirqızı
Moderator.az/ Redaktor